Naxçıvan MR-in Hərbi Prokurorluğu yeni inzibati binada fəaliyyət göstərəcək
Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, bu gün ölkədə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açıb.
Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir. Bu sırada təbii ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun yeni inzibati binasında yaradılan şərait də mühüm əhəmiyyətə malikdir. Binada yaradılan imkanlar bir daha təsdiqləyir ki, ölkəmizdə ordu quruculuğunun, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rola malik olan hərbi prokurorluq orqanlarının fəaliyyətinin günün tələbləri nəzərə alınmaqla qurulması bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub.
Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məlumat verib ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin qayğısı sayəsində bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.
Hazırda dövlətimizin başçısının dəstəyi ilə yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahatların nəticəsində hərbi prokurorluq sahəsində yeni tələblərə uyğun təkmilləşdirilən mütərəqqi normativ-hüquqi baza formalaşdırılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda da hərtərəfli iş aparılıb. Yeni iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatının inkişaf etdirilməsinin nəticəsidir ki, kadr tərkibi davamlı olaraq yeniləşdirilmiş, işin səmərəliliyinin artırılması və mövcud çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması baxımından da mühüm işlər görülüb.
Bundan əlavə, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilən informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil hərbi prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün konkret tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB