Nəbatat bağında ağaclar niyə kəsilir?

Nəbatat bağında ağaclar niyə kəsilir?

Mərkəzi Nəbatat Bağı tərəfindən ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Nəbatat Bağından SİA-ya verilən məlumata görə, ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur. Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb. Həmin ağaclar artıq köçürülən ərazilərdə əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqruma işlərinin aparılması gözlənilir.

Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb.

Qeyd edək ki, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan onları əl ilə çıxarmaq mümkün olmadığı üçün ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb.

Xatırladaq ki, son günlər Mərkəzi Nəbatat Bağındakı ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar informasiyalar yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə