Yeniyetmələri məcburi əməyə cəlb edənlər diqqətli olun!

Yeniyetmələri məcburi əməyə cəlb edənlər diqqətli olun!

Millət vəkili Elmira Süleymanova parlamentin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edən daxili işlər nazirinin birinci müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazovun çıxışına etiraz edib. SİA-nın xəbərinə görə, milət vəkili bir sıra məsələlərin bu hesabatda yer almadığına təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, illik məlumat qənaətbəxş olsa da bir sıra nüanslar var: "Bəzi məsələləri Vilayət müəllimin nəzərinə çatdırmaq istərdim. Sualım uşaqların və yeniyetmələrin məcburi əməyə cəlb edilməsi ilə bağlıdır. Deyirsiniz ki, sizin əməkdaşlarınız 45 monitorinq həyata keçirib. Amma nədənsə ictimai nəqliyyatda, məişət obyektlərində belə reydlərin keçirilməsi haqda heç bir informasiya yoxdur. Avtoservislərdə, restoranlarda, şadlıq saraylarında bu problem qalır. Problemi hansısa yolla həll etmək lazımdır. Bəllidir ki, bu restoranlar və şadlıq evləri nüfuzlu şəxslərə məxsusdur və QHT nümayəndələri bura buraxılmır. Bu sahədəki problemləri hansısa yola həll etmək lazımdır".

Nazir müavini V. Eyvazov millət vəkilinin etirazına cavab olaraq bildirib ki, Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq: "Ola bilsin, bu məsələ nazirlik tərəfindən o qədər ciddi nəzarətdə olmayıb. Bu barədə Elmira xanımın dediyi kimi, problemlərin olması ilə razılaşırıq. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə