Vilayət Eyvazov: "Ötən il 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb"
Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. SİA-nın xəbərinə görə, məlumatı daxili işlər nazirinin birinci müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazov təqdim edib.
Onun sözlərinə görə, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alverinə qarşı müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır: "Bu problem minimal risklə yüksək gəlir gətirən qlobal cinayətkar biznesə çevrilib. Məlumdur ki, Azərbaycanda bu kimi cinayətkarlığa qarşı hüquqi müstəvidə mübarizə aparılır. Son 10 ildə bu sahədə bir çox nailiyyətlər əldə olunub. Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın məktəblərini, litseylərini, kollec və uşaq evlərini əhatə edib".
V. Eyvazov qeyd edib ki, Azərbaycanda son 10 il ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib: "Bu əməllərə görə, 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinin qurbanı olan 529 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Ötən il Azərbaycanda həyata keçirilən əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla, 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib".
Nazir müavini bildirib ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim edilib. Müəyyən olunan 56 qurbandan 41-i qadın, 15-i kişi olub ki, onlardan da 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.
Qeyd edək ki, illik məlumat müzakirələrdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB