Nizami rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir
Aprelin 3-də Nizami Rayon İcra Hakimiyyətində rayon əhalisinin tibbi müayinəsinin gedişi ilə bağlı müşavirə keçirilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinəsinin keçirilməsi işinin Nizami rayonunda uğurla icra olunduğunu deyib.
Qeyd olunub ki, ölkə əhalisinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu, xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir. Belə aksiyaların keçirilməsi ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsidir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova rayon üzrə əhalinin tibbi müayinədən keçirilməsinin hazırkı vəziyyətinə dair məruzə ilə çıxış edib.
Bildirilib ki, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılıb və xüsusi qrafik tərtib edilib. Bu müddət ərzində rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulub. Rayon əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, 26 nömrəli şəhər poliklinikasında bütün lazımi hazırlıq işləri görülüb. 11 nömrəli birləşmiş şəhər xəstəxanasında yenidənqurma işləri aparıldığından həmin tibb müəssisəsi hazırda öz fəaliyyətini müvəqqəti olaraq 32 nömrəli birləşmiş şəhər xəstəxanasında davam etdirir və ərazi üzrə sakinlərin müayinəsi bu səhiyyə müəssisəsində aparılır.
Qeyd olunub ki, rayon icra hakimiyyəti başçısının Keşlə qəsəbəsi və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mənzil- kommunal istismar sahələri və mənzil tikinti kooperativləri əhalinin ümumi tibbi müayinədən keçirilməsi işində yaxından iştirak edirlər. Fevralın 17-dən başlayaraq ərazilərdə bu qurumların rəhbərləri ilə mütəmadi görüşlər keçirilib. Bunun nəticəsidir ki, hər gün qrafikə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda çalışan işçilər, eyni zamanda, ünvanlar üzrə sakinlər aidiyyəti tibb müəssisələrinə gələrək müayinədən keçirlər. Səhiyyə ocaqlarına gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi məqsədilə səyyar briqadalar da yaradılıb.
G.İsrafilova bildirib ki, fevralın 17-dən martın 31-dək rayonun 18 yaşdan yuxarı 40 min 151 nəfər əhalisi icbari tibbi müayinəyə cəlb olunub, onlardan 31 min 991 nəfəri poliklinika və xəstəxanalarda, 8 min 160 nəfəri isə evlərdə müayinədən keçib. Bu müddət ərzində 3 min 648 nəfər rentgen, 7 min 508 nəfər laborator, 3 min 815 nəfər ultrasəs, 3 min 381 nəfər isə elektrokardioqram müayinəsindən keçib, 2 min 273 nəfər ambulator, 133 nəfər isə stasionar müalicəyə qəbul olunub. Müayinə aparılan səhiyyə müəssisələrinin, ümumilikdə, gündəlik qəbul gücü 950 nəfər təşkil etsə də, hər gün orta hesabla 1293 nəfər tibbi müayinədən keçib. Bu göstərici həmin aksiyanın mütəşəkkil təşkilinin nəticəsi kimi qiymətləndirilə bilər.
Qeyd olunub ki, ötən ilin noyabr ayından etibarən uşaqların tibbi müayinəsinə başlanılmış, bu iş rayon ərazisində fəaliyyət göstərən 17 və 19 nömrəli uşaq poliklinikaları vasitəsilə həyata keçirilib. Uşaqların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserləşdirmənin başlandığı gündən poliklinikaların xidmət ərazisində yaşayan və təhsil alan 49 min 295 nəfər uşaqdan indiyədək 35 min 311 nəfəri müayinələrdən keçib. Müayinələr zamanı 1920 nəfər xəstə uşaq aşkar edilərək dispanser nəzarətinə götürülüb. Aşkar olunmuş xəstəliklərin aradan qaldırılması üçün sanitar-gigiyenik, əks epidemik və müalicə sağlamlaşdırıcı tədbirlər həyata keçirilərək xəstə uşaqlar ambulator və ya stasionar müalicəyə cəlb olunublar. Hazırda çağırışçı gənclərin sağlamlıq vəziyyətlərinin daha dəqiq qiymətləndirilməsi məqsədilə yeniyetmə oğlanların əlavə tibbi müayinələri də həyata keçirilir.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları Nizami rayonunun səhiyyə işçilərinin qarşılarına qoyulmuş bu vacib və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərinə əminliklərini bildiriblər.
Müşavirədə, həmçinin Nizami rayonundakı ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair məruzə də dinlənilib.
Qeyd edilib ki, cari ilin mart və may ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda iki akademik saat ərzində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə əlavə açıq dərslərin tədris olunması nəzərdə tutulub.
Bildirilib ki, mart ayında YAP Nizami rayon təşkilatının Heydər Əliyev lektoriya zalında və 220 nömrəli məktəb-liseydə keçirilmiş açıq dərslərdə rayonun 23 ümumtəhsil məktəbinin 1581 şagirdi iştirak edib. Bundan əlavə, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının 9 köçkün məktəbinin 94 şagirdi bu dərslərə cəlb edilib. Ümumilikdə, 3 ay ərzində 2 min 146 şagirdin həmin dərslərdə iştirak etməsi nəzərdə tutulub.
Qeyd edilib ki, rayonun 15 məktəbindən tədrisə cəlb edilən 21 qabaqcıl tarix müəllimi tərəfindən keçirilən birinci saatında Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil olunub, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixi xidmətləri barədə şagirdlərə ətraflı məlumat verilib. İkinci saatlarda isə sənədli filmlər nümayiş etdirilib.
Məlumat verilib ki, aprel ayında rayonun 33 məktəbinin 1436 nəfər XI sinif şagirdi, may ayında isə 21 məktəbin 1181 şagirdi bu dərslərdə iştirak edəcək.
Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək bildirib ki, belə bir əhəmiyyətli addımın atılması ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaradacaq.
Digər çıxış edənlər də gənclərin dünya görüşünün formalaşdırılmasında və mənəvi tərbiyəsində belə dərslərin keçirilməsinin mühüm rol oynayacağına əminliklərini bildirib, şagirdlərin bu dərslərdə fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB