Astarada əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə olunub
Aprelin 2-də Astara rayon icra hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti barədə məlumat verərək qeyd edib ki, bütün sahələrdə dinamik inkişafı ilə diqqəti cəlb edən ölkəmiz gündən-günə çiçəklənir, inkişaf edir. Bu inkişaf, bu tərəqqi ölkənin sütunlarının daha da möhkəmlənməsinə, əhalinin güzəranının, sosial rifah halının yaxşılaşmasına istiqamətlənib. Ölkə əhalisinin 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək pulsuz tibbi müayinədən keçirilməsi barədə cənab İlham Əliyevin verdiyi tapşırıq isə vətəndaşların sağlamlığına xidmət edən ən humanist bir addım kimi alqışa layiqdir.
Rayonda da əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək keyfiyyətlə və mütəşəkilliklə həyata keçirilməsi məqsədilə rayon İcra hakimiyyəti başçısının Sərəncamına əsasən komissiya yaradılıb. Ötən müddət ərzində bu sahədə müəyyən işlər görülüb, komissiya üzvlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, idarə, müəssisə və təşkilat rəhbərlərinin yaxından köməkliyi ilə əhalinin müəyyən hissəsinin rayon mərkəzi xəstəxanasına gələrək tibbi müayinədən keçməsi təmin olunub.
Əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar komissiyanın sədri, rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynin məlumatları dinlənilib. Qeyd olunub ki, əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında ayrı-ayrı sahələr üzrə dörd həkim briqadası təşkil edilib, tibbi personal təlimatlandırılıb, onlar üçün lazımi iş şəraiti yaradılıb.
17 fevral tarixindən 31 mart 2014-cü il tarixə kimi rayonun idarə, müəssisə və təşkilatlarından, ayrı-ayrı yaşayış məntəqələrindən 7202 nəfər rayon mərkəzi xəstəxanasına gələrək tibbi müayinədən keçib.
Rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov və başqaları çıxış edərək müəyyən edilən vaxtda daha çox əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar təbliğat işlərini gücləndirəcəklərini, vətəndaşların tibb müəssisələrinə gəlməsinə hər cür köməklik edəcəklərini qeyd ediblər.
Q.Ağayev iclasa yekun vuraraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə, idarə, müassisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkilliyin təmin edilməsi ilə bağlı nəzərdə tutulan qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB