Vyanada geofizika istiqamətlərində əldə olunan yeni nəticələr müzakirə olunacaq

Vyanada geofizika istiqamətlərində əldə olunan yeni nəticələr müzakirə olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanaya səfər edəcəklər. İnstitutdan SİA-ya verilən xəbərə görə, Avropa Geologiya İnttifaqının dəvəti ilə AMEA-nın vitse-prezidenti, institutun direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri AMEA-nın müxbir üzvü Hətəm Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli aprelin 27-dən mayın 2-ə qədər ittifaqın Baş Assambleyasının işində iştirak edəcəklər.

H. Quliyev bildirir ki, tədbirdə Yer elmləri sahəsində, xüsusən də geologiya və geofizika istiqamətlərində əldə olunan yeni nəticələrin müzakirəsi keçiriləcək, bir sıra mühüm məsələlərə dair birgə tədqiqatlar aparmaq imkanları araşdırılacaq.

Geologiya institutunun alimləri Yer planetinin təkamülünün fundamental və praktiki problemləri sahəsində ciddi elmi nailiyyətlər əldə ediblər və bu nəticələrin müzakirəsi Baş Assambleyanın elmi proqramına daxil edilib. Azərbaycan alimləri mayın 2-də "Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası" adlı məruzə ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə