Ombudsmanın fəaliyyətində həqiqətlərimizin dünyaya çatdırılması mühüm yer tutur

Ombudsmanın fəaliyyətində həqiqətlərimizin dünyaya çatdırılması mühüm yer tutur

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın kütləvi surətdə və kobudcasına pozulmuş hüquqlarının təmin edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması İnsan Hüquqları üzrə Müvəkkilin fəaliyyətində mühüm yer tutur. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ombudsman Elmira Süleymanova öz bəyanatlarında dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, xalqımıza qarşı soyqırımıları, kütləvi qırğın, terror aktları törədən erməni millətçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən müvafiq sanksiyaların tətbiq olunmasını tələb edib, dünya ictimaiyyətini Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırıb. Həmin bəyanatlarda qeyd olunub ki, beynəlxalq hüquqa görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə həyata keçirilən hərəkətlərdir, məkan və zamanından asılı olmayaraq, cinayətkarlar cəzalandırılmalıdır.

Qeyd olunmalıdır ki, Müvəkkilin 31 Mart -Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bu günlərdə verdiyi bəyanat nüfuzlu beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Müvəkkilin ünvanına İspaniya, İrlandiya, Malayziya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, Belçika, Xorvatiya və Rusiya Federasiyası və digər ölkələrin Ombudsmanlarından daxil olmuş cavab məktublarında göstərilmişdir ki, bəyanat müsbət qarşılanmış və dəstəklənir. Eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ etmək üçün diaspor təşkilatlarımız tərəfindən həmin sənəddən istifadə olunmuşdur.

Ombudsmanın bu bəyanatı, həmçinin Şuşanın, Laçının və Kəlbəcərin işğalı günləri ilə bağlı bəyanatı Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri S.Abdullayeva tərəfindən macar dilinə tərcümə edilərək bu ölkədə yayılıb.

Müvəkkil dəfələrlə beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin konfranslarında iştirak edərkən öz bəyanatlarını təqdim etmiş, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır. Mötəbər beynəlxalq toplantılarda Azərbaycan Ombudsmanının yazılı bəyanatları rəsmi qeydiyyata alınıb.

E. Süleymanovanın müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında, o cümlədən Macarıstanın "Xalqın səsi" ("Nepszava") qəzetində ümumən Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı ilə bağlı geniş müsahibələri dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə