Ərzaq məhsullarının tərkibinə xüsusi maddələr qatılacaq

Ərzaq məhsullarının tərkibinə xüsusi maddələr qatılacaq

" "Sağlamlıq haqqında" qanun layihəsinə ərzaq məhsullarının tərkibinin zənginləşdirilməsi ilə bağlı yeni maddənin əlavə olunmasını düşünürük. Qanun layihəsində sağlamlıq məqsədilə ərzaqların zənginləşdirilməsi maddəsi yer alacaq. Dəyişiklik alınsa, o zaman Nazirlər Kabineti bunun üçün lazım olan normaları müəyyənləşdirəcək. Hazırda layihə üzərində ciddi iş gedir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O bildirib ki, dünyada uzun illərdir ərzaqların zənginləşdirilməsi prosesi gedir: "Misal olaraq, unun, şəkərin, düyünün tərkibinə müəyyən maddə qatılır. Bununla da insan orqanizmində çatışmayan mikroelementlər əhalinin xəbəri olmadan onlara yedizdirilir. Dünyada A vitamini çatışmazlığından əziyyət çəkənlər üçün bu kimi maddələr una əlavə edilir. Bununla yanaşı, Çində boy artımı ilə bağlı xüsusi tədbirlər görülür. Belə ki, orada əhalinin boyu son illərdə 7-8 sm artıb. Bütün bu nailiyyətlər də una edilən əlavələrin hesabına əldə olunub. Çünki əhali çörəkdən daha çox istifadə edir. Bütün bunlar ərzaqların tərkibinin zənginləşdirilməsi səbəbinə həyata keçirilir".

Bu tip qanunların dünyanın bir çox ölkələrində qəbul olunduğunu deyən komitə sədri əlavə edib ki, hələlik Azərbaycanda belə dəyişikliyin qəbul olunması çətin prosesdir: "Bu səbəbdən də ilk növbədə cəmiyyəti bu dəyişikliyə hazırlamalıyıq. Əgər ərzaq məhsullarının tərkibinə hər hansı bir maddə qatdığımızı desək, onda deyəcəklər ki, bir un qalmışdı, ona da nə isə əlavə etdilər. Halbuki həmin maddə bir ton una sadəcə milli qramlarla qatılır. Həmin maddənin rəngi və qoxusu olmur. Sadəcə insanlar tərkibinə həmin maddənin qatıldığı məhsulları qəbul etdikdən sonra orqanizmlərində müəyyən dəyişikliklər olur. Bununla da bir çox yayılmış xəstəliklərin qarşısını almış olacağıq".

Azərbaycanda buna oxşar qanun layihəsinin qəbul olunduğunu deyən H. Rəcəbli bildirib ki, "Duzun yodlaşdırılması haqında" qanun layihəsi qəbul olunanda bir sıra söz-söhbətlər olmuşdu: "Hətta insanlar mənim əleyhimə çıxış edirdilər. Bəzi mətbuat orqanlarında yazılar dərc olunurdu ki, Hadı Rəcəbli duz mafiyasının başında durur. Ancaq nəhayət bu dəyişikliyi qəbul etdirə bildik. Bununla da Azərbaycanda yayılan bir çox xəstəliklərin sayı 4 dəfə azaldı. İmperativ norma qəbul olunub və bununla da yodlaşdırılmamış duz istehsal etmək olmaz. Lakin məlum olduğu kimi, duzun tərkibində yodun nə dadı, nə də qoxusu hiss olunmur".

"Bunları nəzərə alıb bundan sonra ərzağın da tərkibini zənginləşdirmək niyyətindəyik. Belə məsələ gündəmə gətirildikdə insanlar ekoloji təmiz məhsula müdaxilə edildiyini düşünür. Onlar bilmədən, hislərə qapılırlar və biz də bunu edə bilmirik. Ona görə də ilk növbədə cəmiyyəti bu düşüncəyə hazırlamaq lazımdır. Bütün sadalanan məsələləri "Sağlamlıq haqqında" qanun layihəsinin tərkibinə salmağı nəzərdə tuturuq. Qanun layihəsində sağlamlıq məqsədilə ərzaqların zənginləşdirilməsi maddəsi yer alacaq. Daha sonra Nazirlər Kabineti bunun üçün lazım olan normaları müəyyənləşdirəcək. Hazırda layihə üzərində ciddi iş gedir"- deyə, Komitə sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

O həmçinin qeyd edib ki, parlamentin yaz sessiyasında Ailə məcəlləsinə bir neçə dəyişikliklər ediləcək: "Belə ki, deklorativ normaları imperativ etmək istəyirik. Ən əsas da tibbi arayışlarla bağlı məsələni diqqətdə saxlayırıq. Son aylar insanlar kütləvi şəkildə icbari dispanserizasiyadan (tibbi müayinədən) keçirilir. Əhalinin kütləvi müayinəsinin nəticəsi olaraq nə qədər vətəndaşın xəstə olduğunu, onların əsas hansı xəstəliklərdən əziyyət çəkdikləri məlum olacaq. Bir faktı qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Talassemiya və hemofiliya ilə bağlı mərkəz tikilərək istifadəyə verildi. Baxmayaraq ki xəstəliklərlə bağlı ardıcıl iş aparılır, ancaq talassemiya xəstəliyi azalmır. Buna səbəb isə ailə quran insanların xəstəliklərini bir-birindən gizlətmələridir. Həmin insanlar anlamırlar ki, evləndikdən sonra onların övladları da bu xəstəliyin daşıyıcısı olurlar. Ona görə də ailə quran cütlüklərə mətbuat vasitəsi ilə səslənirəm ki, problemlərinizi əvvəlcədən həll etmək lazımdır. Bunu da evlənməmişdən əvvəl tibbi müayinədən keçməklə həll etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə