Tənzilə Rüstəmxanlı: “Televiziyalarımızın çəkdiyi səviyyəsiz seriallar...”

Tənzilə Rüstəmxanlı: “Televiziyalarımızın çəkdiyi səviyyəsiz seriallar...”

"Televiziyalarımızın son zamanlarda çəkdiyi seriallarda dilimiz korlanır, seriallarda bayağı sözlər işlədilir, küçə ağzı ilə danışırlar. Seriallarda millətimizi elementar mədəniyyət olmayan tərzə alışdırırlar". Bu fikirləri SİA-ya açıqlamasında "Azəri-Türk Qadınları İctimai Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı bildirib.

Milli telekanallarımızın son zamanlar çəkdiyi seriallara münasibət bildirən T.Rüstəmxanlı qeyd edib ki, serialda dərin məna yükü olmalıdır: "Ancaq biz bunu indi televiziyalarımızın çəkdiyi seriallar haqqında deyə bilmərik. Bu cür səviyyəsiz filmlər, seriallar millətin də səviyyəsini aşağı salır. Hər yoldan keçəni gətirib filmə çəkmək olmaz. Filmlərdə, xüsusilə daha böyük məsuliyyət tələb edən seriallarda peşəkar şəxslər oynamalıdırlar, onların istedadından istifadə etmək lazımdır. Təbii ki, küçə uşağını filmə çəkəndə ona mədəni cümlə də versən, o həmin mədəni cümləni küçə ağzı ilə deyəcək".

Qarabağ probleminə həsr olunan filmlərin olduqca az olduğundan şikayət edən T.Rüstəmxanlı onu da əlavə edib ki, Qarabağda bir insanın acı taleyini götürüb filmə çəkmək olar: "Bu gün Azərbaycanın o qədər ağrılı yerləri var ki, biz efirlərə küçə sujetlərini gətirməməliyik. Sevgi janrının da arxasında dram, dərin məna çalarları olmalıdır. Qarabağa filmdə fərqli yanaşma tərzi olmalıdır. Şablonçuluqdan, təkrarçılıqdan, savadsızlıqdan qaçmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə