Penitensiar xidmət KİV-lərə cavab verdi

Penitensiar xidmət KİV-lərə cavab verdi

Penitensiar xidmət kütləvi informasiya vasitələrində yayılmış məlumatlara cavab verib. SİA Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, dünən Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşaiyət edilmiş 13 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatdıqdan sonra geriyə qaytarılması zamanı anlaşılmazlıq yaranıb.

Həmin anlaşılmazlıqla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlara cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirib:

"Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşaiyət edilmiş 13 nəfər təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra geriyə qaytarılarkən təcridxananın təhvil-təslim yerində digər xüsusi nəqliyyat vasitəsi olduğuna görə onları gətirən nəqliyyat vasitəsi qısa müddət ərzində gözləməli olub.

Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləmiş, səs-küy salmağa başlamışlar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də buna məhəl qoyulmayıb və öz hərəkətlərini davam etdiriblər", - deyə, məlumatda qeyd olunur.

Xidmətdən həmçinin bildirilib ki, yayılan informasiyalarda avtomaşında olan hava çatışmazlığı ilə bağlı məlumat həqiqəti əks etdirmir:

"Belə ki, təqsirləndirilən şəxslərin daşınmasını həyata keçirən Penitensiar xidmətin sərəncamındakı "Fiat Ducato" markalı xüsusi avtomobillər ən müasir tələblərə cavab verən nəqliyyat vasitələridir.

Bu nəqliyyat vasitələrində təmiz hava axını, daşınan şəxslərin və onları müşaiyət edənlərin təhlükəsizlikləri yüksək səviyyədə təmin olunur.

Təqsirləndirilən şəxslər tərəfindən intizam qaydalarına məhəl qolulmadığına və xüsusi nəqliyyat vasitəsinə zərər vurulması ilə müşaiyət olunan hərəkətlər davam etdirildiyinə görə qarovul heyəti "Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat"ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edib. Təhlükəsizlik tədbiri zamanı heç bir şəxs xəsarət almayıb" – deyə, açıqlamaya əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə