Argentina 13-cü Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək SEMİNAR

Argentina 13-cü Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək SEMİNAR

Bu gün Argentinanın 13-cü Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcəyi ilə əlaqədar olaraq, sözügedən ölkənin Turizm Nazirliyi tərəfindən turizm şirkətləri və yerli media nümayəndələri üçün seminar keçirilib. SİA-nın xəbərinə görə, Argentinanın Azərbaycanda ilk dəfə belə bir sərgidə təmsil olunması ilə əlaqədar olaraq tədbirin əsas məqsədi qonaqları ölkənin turizmi və mədəniyyəti ilə tanış etməkdir.

Seminarda çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu bildirib. Onun sözlərinə görə, bu əlaqələrin inkişaf istiqamətlərindən biri də məhz iqtisadiyyat və turizmdir: "Hazırda qarşılıqlı olaraq hər iki ölkənin səfirliyi yaradılıb və onlar vasitəsilə bir çox istiqamətlərdə əlaqələr qurulub. İstərdik ki, gələcəkdə ölkələr arasında həm turizm sahəsi, həm də idman sahəsi inkişaf etmiş olsun. Düşünürəm ki, Azərbaycan və Argentina arasında turizm və ticarət sahəsində əlaqələr daha da inkişaf etsə, bu hər iki ölkə üçün müsbət cəhət hesab olunar".

Tədbirdə Argentinanın Turizm Nazirliyinin nümayəndələri Rodolfo Milesi və İnes Gamarra tərəfindən ölkənin şəhərləri, təbiəti, turizm sahələri, idmanı, milli mətbəxi və məşhur qida brendləri haqqında təqdimat keçirilib, video çarx izlənilib. Argentina rəqsi olan "Tanqo" nümayiş olunub və "Malbec" şərabının dequstatsiyası aparılıb.

Daha sonra Argentinanın Turizm Nazirliyinin nümayəndələri turizm şirkətləri və yerli media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, bu il Argentina "AİTF 2014" sərgisində Bakıdakı Argentina Respublikasının səfirliyi və Argentina Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Argentinanın Dövlət Turizm Təşviqi İnstitutunun birgə təşkilatçılığı ilə "Milli Stend" formasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə