Azərbaycan güləşçisi dördüncü dəfə Avropa çempionu adını qazanıb

Azərbaycan güləşçisi dördüncü dəfə Avropa çempionu adını qazanıb

Aprelin 1-də Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı başlayıb.
Çempionatın ilk günündə 65 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 58 kiloqram çəki dərəcələrində isə qadın güləşçilər mübarizə aparıblar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Toğrul Əsgərov səkkizdəbir finalda bolqarıstanlı Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabı ilə məğlub olub. B.Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, T.Əsgərovun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.
Xetaq Qazyumov (97kq) səkkizdəbir finalda Belarus təmsilçisi İvan Yankovskini 7:0 hesabı ilə üstələyib. Dörddəbir finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. Görüşdə 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) X.Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada güləşçimizi rusiyalı rəqibi Abdusalam Qadisova uduzaraq gümüş medalla kifayətlənib.
Qadın güləşçilərimizdən Mariya Stadnik (48kq) səkkizdəbir finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabı ilə üstün olub. Dörddəbir finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə məğlub edən M.Stadnik dördüncü dəfə Avropa çempionu adını qazanıb.
Qitə birinciliyində 58 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa dörddəbir finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə İ.Netrebanı finala çıxarıb. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzub və gümüş medalla kifayətlənib.
Beləliklə də, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə biri qızıl olmaqla üç medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə