31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Lerikdə qeyd edilib FOTOLAR

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Lerikdə qeyd edilib FOTOLAR

Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Lerikdə ümumrayon tədbiri keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin əməkdaşları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş sözü ilə çıxış edərək bildirib ki, 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisəsi uzun müddət tarixi saxtakarlığa məruz qalıb. 1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli 690 nömrəli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilib, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılıb, erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova 1918-ci il Mart soyqırımı barədə məruzə edərək bildirib ki, 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğın tarixdə Mart soyqırımı kimi qalıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı soyqırımı – bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin qanlı səhifələridir.

Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Rövşən Rüstəmov çıxış edərək xalqımıza qarşı törədilmiş bütün bu cinayətlərin beynəlxalq miqyasda tanınması üçün Azərbaycan dövlətinin hər bir vətəndaşının bu istiqamətdə fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə