“İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”

“İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalovanın təşkilatçılığı ilə "İlyas Əfəndiyev yaradıcılığının bədii-estetik xüsusiyyətləri" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva və 345-347-ci qrupun tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan dosent Dilbər Zeynalova seminarın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib: "İlyas Əfəndiyev dramaturgiyasının bədii-estetik məziyyətlərini təhlil edərək onu Azərbaycan mədəniyyəti tarixinin "İlyas Əfəndiyev mərhələsi" kimi söyləyə bilərik. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərib. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus yer tutur. Ədib "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və s. tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib".

Seminarda İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub.

Qeyd edək ki, görkəmli dramaturqun yaratdığı obrazların bədii xüsusiyyətləri tələbələr tərəfindən müzakirə edilib, ədibin yaradıcılığı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə