Lənkəranda soyqırım qurbanlarının xatirəsi yad edildi FOTOLAR

Lənkəranda soyqırım qurbanlarının xatirəsi yad edildi FOTOLAR

31 Mart – azərbaycanlıların soyqırımı günü Lənkəranda da dərin hüznlə anılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, martın 31-də erkən saatlarından rayon əhalisi soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərdə soyqırım qurbanlarının xatirəsinə salınan parkın qarşısına toplaşıb. Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib Daha sonra hüquq-mühafizə orqanlarının, rayonun icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil dəstələri düzüblər.

Qeyd edək ki, erməni millətçiləri 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə və deportasiya siyasəti aparıb, 1918-ci ilin mart qətliamını törədiblər. 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olub. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib Gərmətük qəsəbə sakini Sərhad Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, erməni-daşnak millətçiləri cənub bölgəsində, o cümlədən Lənkəran şəhərinin mərkəzində, ayrı-ayrı kəndlərində də qanlı qırğınlar törədiblər. Yüzlərlə dinc sakin, qoca, qadın, uşaq erməni qaniçənləri tərəfindən amansızcasına qətlə yetirilib,evləri viran edilib. Xalqımız bu qanlı hadisələri heç vaxt unutmayacaq, erməni faşistlərinin qanlı əməlləri nəticəsində həlak olanların xatirəsini daim yad edəcəkdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə