Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) "31 mart-Azərbaycanlılarının Soyqırımı günü" ilə əlaqədar Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə Quba rayonunda tapılan kütləvi məzarlığa və Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil edib. BŞGİBİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq 7-ci ildir ki, İdarə tərəfindən Quba rayonunda tapılan kütləvi məzarlığa Bakı şəhər tələbələrinin səfəri təşkil olunur. Səfərin əsas məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas müəssisələrinin tələbələrinə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərinin əyani sübutunu göstərməkdən ibarət olub.
Ziyarət zamanı gənclərə məlumat verilərək bildirilib ki, məzarlıqda gömülənlər 1918-ci il mayın 1-dən 10-na qədər törədilən erməni qətliamının qurbanlarıdırlar. Böyük ehtimalla, ermənilər 1918-ci ildə Qubada qətlə yetirdikləri dinc azərbaycanlıların az bir qismini burada quyulayıblar. Deməli, yaxınlarda başqa məzarlıqların da tapılacağı istisna deyil. Aşkarlanan iki quyudan birinin diametri 5, digərininki 2,5 metrdir. Onlar arasında 2 metr məsafə var. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Böyük quyuda yüzlərlə insan skeletləri var. Kiçik quyunun ağzı isə hələ açılmayıb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Ümumilikdə isə, tədqiqat zolağında 2 arxda qazıntılar aparılıb və 196-dan artıq insanın sümükləri aşkarlanıb. Onların 50-si qadınlara, qalanları isə yaşlı və körpələrə aiddir. Bəzi kəllə sümüklərinin üzərində paslı mismarlar var, bunlar insanların ermənilər tərəfindən işgəncələrlə qətlə yetirilməsinin sübut edən dəlillərdir.
Quba məzarlığında aşkar edilən insan cəsədlərinin qalıqlarını həyəcansız nəzərdən keçirə bilməyən gənclər bəyan ediblər ki, bütün dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilərin bu vəhşiliyi sübut edən videogörüntüləri xarici mətbuatlarda və telekanallarda geniş şəkildə nümayiş etdirilməlidir və gənclərimiz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB