Hüseyn Cavidin ev muzeyində soyqırımı qurbanları anılıb

Hüseyn Cavidin ev muzeyində soyqırımı qurbanları anılıb

AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart Azərbaycanlıların soyqırım gününə həsr edilən anım tədbiri keçirilib. SİA-nın xəbərinə görə, azərbaycanlıların soyqırımı 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib: "Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq".

Gülbəniz Babaxanlı daha maraqlı bir faktı qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub: "Qaniçən cəlladlar H. Cavidi və onunla bərabər "Təbriz" mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarıblar və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. H. Cavid təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib".

Sonda muzeyin ekspozisiyasında hazırlanan 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunan foto sərgi və slayd nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə