Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər) FOTOLAR

Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər) FOTOLAR

Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən "Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Cənubi Azərbaycan" şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, AMEA A.Bakıxanov adına Tarix İnstitutu "Əhali tarixi və tarixi demoqrafiya" şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov, gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı dəyirmi masa iştirakçılarına İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında məlumat verib.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv öyrənilməsi istiqamətində görülən işlərdən danışan M.Babaşlı deyib ki, erməni millətçiləri tarix boyu rus havadarlarına arxalanaraq xalqımıza qarşı soyqırımlar həyata keçiriblər.

M. Babaşlı öz çıxışında erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq uğurundakı qanlı əməlləri nəticəsində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Güney Azərbaycanın müxtəlif şəhərlərində minlərlə dinc əhalinin qətlə yetirilməsi ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib.

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Cənubi Azərbaycan" şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hərəkətləri ilə bağlı məlumat verərək bildirib ki, 1918-ci ildə ermənilər Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olub. Ermənilər xüsusilə rusların köməyi ilə 1918-ci ilin birinci yarısında Urmiyə, Xoy, Səlmasda, Qərbi Azərbaycanın bir sıra kənd və qəsəbəsində Azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Çıxış edən AMEA A. Bakıxanov adına Tarix İnstitutu "Əhali tarixi və tarixi demoqrafiya" şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov isə 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanda həyata keçirilən soyqırımı haqqında məlumat verərək bildirib ki, Bakı Quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min, Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 16 min, Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılıb, 2096-sı uşaq olmaqla 7729 nəfər qətlə yetirilib. Bunlardan 2276 nəfəri qadın, 3200 nəfəri kişi idi. Ümumilikdə Cənubi Azərbaycanda 130 min azərbaycanlı qətlə yetirilib.

Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran qonaqlar mövzu ilə bağlı dəyərli tövsiyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə