Tarixçi: “31 mart soyqırımı Rusiyanın köməkliyi ilə həyata keçirilib” MÜSAHİBƏ
Tarix üzrə fəlsəfə doktoru Nazir Əsədovun SİA-ya müsahibəsi
- 31 mart azərbaycanlıların soyqırımı gününü Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü hesab etmək olarmı?
- 31 mart soyqırımı Azərbaycan xalqının tarixində ən yadda qalan hadisələrdən biri olmalı və bu gün heç bir zaman unudulmamalıdır. 31 mart günü Azərbaycanın müxtəlif bölgələrində baş verən hadisələr öyrənilməli və xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. Niyə bunu biz soyqırımı adlandırırıq? Ona görə ki, bu hadisələr nəticəsində 20 minə yaxın günahsız insanın həyatına acınacaqlı şəkildə son qoyulub. Soyqırımı təkcə Bakıda deyil, həmçinin ölkəmizin digər bölgələrində həyata keçirilib. Heç bir günahı olmayan, köməksiz insanlara qarşı silah işlətməyə, onları vəhşicəsinə qətlə yetirməyə, onların əmlakını, evini, yurdunu talamağa soyqırımı adından başqa ad vermək olmaz. Xalqımıza qarşı həyata keçirilən vəhşiliklər Azərbaycan xalqının yaddaşında soyqırımı kimi qalacaq. Eyni zamanda Azərbaycan xalqı ermənilərin törətdikləri cinayəti dünya ictimaiyyətinə çatdırmalıdır. Dünya ictimaiyyəti bilməlidir ki, erməni qəsbkarları 1918-ci ildə xalqımıza qarşı hansı vəhşiliklər həyata keçiriblər.
- "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni qəsbkarları 1905-1907-ci illərdə də azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Bu haqda nə deyə bilərsiniz?
- Ermənilərin " Böyük Ermənistan" yaratmaq xülyası XIX əsrdən də əvvələ təsadüf edir. Onların Qafqazda dayaq nöqtələri olmadığından Azərbaycan ərazilərində dövlət yaratmağın əlverişli olduğunu çox yaxşı dərk edirdilər. Ermənilər bu fikrə düşmələri I Pyotrın hakimiyyəti illərinə təsadüf edir. Onlar bu məqsədlə bir neçə dəfə Pyotra məktublar da ünvanlamışdılar. Həmçinin Rusiyanın hökumət adamlarına müəyyən rüşvət, bəxşişlər verərək Ermənistan dövləti yaratmaq istəklərini bildiriblər. XIX əsrdə Rusiyanın Osmanlı türkləri ilə müharibəsi dövründə Rusiyanın qələbə çalması və erməniləri müdafiə etməsi, Ermənistan dövlətinin yaradılması məsələsini daha da aktivləşdirdi. 1813-cü ildə Gülüstan müqaviləsi bağlanarkən ermənilər üçün yaradılacaq ərazilər Rusiya tərəfindən müəyyənləşdirmişdi. Bu, Rusiyanın özü üçün də maraqlı idi. Təsadüfi deyil ki, 1905-1907-ci ildə qırğınları da məhz Bakıda başladı. Bu hadisələrlə bağlı Məmməd Səid Ordubadinin və digərlərinin əsərləri var ki, onları oxuyanda adamın tükləri biz-biz olur. Erməni o qədər mənfur bir millət olub ki, tarixən onlara kömək edən, əl tutan, çörək verən, çətin günlərində köməyinə çatan Azərbaycan xalqına qarşı ürəklərində bu qədər kin gəzdirib, xalqımıza qarşı qətliamlar, soyqırımları həyata keçiriblər. Onlar Bakıda azərbaycanlıların təmizlənməsi həyatını keçirməyə çalışırdılar. Nə qədər insan məhv etdilər. Bu da təbii ki Azərbaycan xalqının ürək yumşaqlığından baş verdi. Biz gərək 1905-1907-ci illərdə ermənilərin başımıza gətirdiyi bəlaları unutmayaydıq. Bu unutqanlığa görə onlar 1918-ci ildə başımıza mart soyqırımını və digər faciələri gətiriblər.
- Ermənilər tərəfindən azərbaycanlılarının kütləvi surətdə qətlə yetirilməsi, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi adlandırmaq olar?
- Təbii ki, hər bir insan üçün onun torpağı əzizdir. İnsanın var-dövlətini əlindən alsan, bir o qədər də inciməz, amma doğulduğu torpaqdan, yurddan məhrum etsən, bu həmin insanın qəlbində əbədi nisginlik yaradar. 1918-ci ildə azərbaycanlılara qarşı təkcə mart qırğını deyil, həmçinin ümumi vətəndaş müharibəsi gedirdi. Ermənilər Naxçıvandan tutmuş Qarabağa qədər və digər ərazilərdə azərbaycanlıları öldürüb, onları öz torpaqlarından sürgün edib, didərgin salırdılar. O zaman azərbaycanlıların yaşadığı ərazilərdə demoqrafik azalma müşahidə olunurdu. Bu əlbəttə ki, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin nəticəsində olmuşdu. Təbii ki, onlar bu hadisələri havadarlarının, xüsusilə də Rusiyanın köməkliyi nəticəsində həyata keçirirdilər. Ən böyük deportasiya 1947-1953-cü illərdə həyata keçirilib. O zaman Qərbi Azərbaycandan 200 minə qədər əhali deportasiya olundu, minlərlə kənd sahibsiz qaldı. Bütün bunlar Ermənilərin artırılması məqsədi daşıyırdı. Digər deportasiya isə 1990-cı illərdə edildi.
- Nazir müəllim sizcə alimlərimiz erməni vəhşilikləri ilə bağlı kifayət qədər araşdırmalar apararaq, əldə olunan məlumatları dünya birliyinə çatdıra bilirmi?-
- Düşünürəm ki, əvvəlki illərə nisbətən bu gün bu işlər daha geniş şəkildə həyata keçirilir. Müəyyən əsərlər yazılır, onlar müxtəlif dillərə tərcümə edilərək, dünya ölkələrinə yayılır. Ümumiyyətlə xalqımıza qarşı həyata keçirilən soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə görülən işləri xüsusilə vurğulamaq olar. Mən bir tarixçi olaraq bu işləri yüksək qiymətləndirirəm. Bütün bu işlərin nəticəsidir ki, ermənilərin xalqımıza qarşı törətdikləri bir çox ölkələr tərəfindən tanınır və qəbul edilir. Artıq bir çox ölkələrdə Xocalı soyqırımının tanıdılması ilə bağlı qətnamə qəbul olunub. Düşünürəm ki, bu işlər bundan sonra daha geniş şəkildə həyata keçiriləcək. Lakin bu bir nəfərin deyil, hər birimizin işidir. Hər kəs bu işdə az da olsa öz töhfəsini verməli, ölkəmizə yaxından kömək etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB