Ombudsman rəsmisi Moldovada beynəlxalq tədbirdə iştirak edib

Ombudsman rəsmisi Moldovada beynəlxalq tədbirdə iştirak edib

Bu günlərdə Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Avropa Birliyi və Avropa Şurasının birgə proqramı çərçivəsində "Penitensiar sistemdə pis rəftarla mübarizənin effektivliyinin gücləndirilməsi" mövzusuna həsr edilən yekun regional konfransı keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov tədbirdə iştirak edib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, konfransda Avropa Şurasının ekspertləri, bu proqramda iştirak edən ölkələr üzrə əlaqələndiricilər, habelə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna respublikalarının Ədliyyə, Daxili işlər nazirliklərinin, Baş prokurorluğun və qeyri-hökumət təşkilatlarının təmsilçiləri bu sahədə fəaliyyət və təcrübə barədə ətraflı məlumat veriblər.

Proqramın Azərbaycan üzrə əlaqələndiricisi, Avropa Şurasının əməkdaşı E.Məmmədov öz təqdimatında Ombudsman ilə səmərəli əməkdaşlıq etdiklərini bildirib.

V.Məhərrəmov çıxış edərək, Azərbaycan Ombudsmanının İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyəti, bu sahədə milli qanunvericilik, müvafiq proqram çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq barədə danışmış, bu qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra həmin proqram çərçivəsində hazırlanan "İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası və polisin fəaliyyəti" adlı vəsait iştirakçıların diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə