Azərbaycana qar yağacaq PROQNOZ

Azərbaycana qar yağacaq PROQNOZ

"Martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam saatlarında havanın tutqun olacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib. Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Şöbə rəisi bildirib ki, martın 29-da axşam ölkənin şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var: "Ayrı-ayrı yerlərdə yerlədə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 isti, dağlarda gecə 0-5, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir".

Qeyd edək ki, martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir. Ayın 31-də isə mülayim cənub qərb küləyi əsəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə