“10 aya 20-30 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürüləcək”
"Bu il 9 rayon və şəhərdə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün tikinti işləri aparılır. İlin yekununa qədər 4000-dən çox ailə, 20-30 min aralığında qaçqın və məcburi köçkün vətəndaşlarımız yeni mənzillərə köçürüləcək". SİA-nın xəbərinə görə, bu fikirləri baş nazirin müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə. Həsənov xatırladıb ki, qaçqın və məcburi köçkünlərin yataqxanalardan köçürülmə prosesi artıq başlayıb və davam edəcək: "Artıq Bakı və Gəncə şəhərlərində yataqxanalardan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Ancaq Bakı və ətrafında tikinti işləri bir-iki il müddətinə yavaşladıla bilər. Çünki, hazırda "Qobu" yaşayış şəhərciyinin layihələndirilməsi ilə məşğuluq. Bu böyük bir layihədir və bu il həmin şəhərciyin layihəsi yerinə yetiriləcək. Gələn il isə infrastrukturu icra olunacaq və 2016-ci ildən həmin ərazidə mənzil tikintisinə başlanılacaq. Beləliklə də 2016-ci ildən yataqxanalardan köçürülmə prosesi davam etdiriləcək".
Baş nazirin müavini əlavə edib ki, Bakı şəhərində dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə əlaqədar bəzi yataqxanalar və ictimai obyektlər tikinti altına düşə bilər və bu səbəbdən də həmin ərazilərdə yaşayan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB