MTRŞ-dan azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə Reaksiya

MTRŞ-dan azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə Reaksiya

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın dövlət kanalı olan "Rossiya 1"də yayımlanan və azərbaycanlıların vəhşi kimi təqdim edildiyi "Svoya pravda" adlı filmə münasibət bildirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, azərbaycanlılara qarşı bu münasibət Rusiyanın bir sıra qurumlarının yeritdiyi siyasətdən qaynaqlanır.

Onun sözlərinə görə, azərbaycanlıların vəhşi kimi təqdim edildiyi filmin Rusiya dövlət kanalında yayımlanması təəssüfləndirici haldır: "indiki vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır. Bu məsələ Rusiyanın hazırda, həssas dövrdə yeritdiyi siyasətdir və bu da başadüşüləndir. Təbii ki, o siyasətə də Azərbaycan tərəfi də lazımi cavabı verəcək".

N. Məhərrəmli qeyd edib ki, buna qarşı Azərbaycan öz imkanları çərçivəsində adekvat addımlar atacaq: "Biz istəməzdik ki, Rusiya bu cür siyasət aparsın. Bu filmi çəkən və nümayiş etdirən insanlar başa düşməlidir ki, bu cür siyasət münasibətlərin pisləşməsinə doğru aparır".

Qeyd edək ki, "Rossiya 1"də yayımlanan "Svoya pravda" ("Onların həqiqəti") filmi Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyindən bəhs edir. 3,5 saatlıq filmdə filmdə azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Filmdə azərbaycanlılar vəhşi və amansız kimi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə