İsrailli ekspert: "Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir"

İsrailli ekspert: "Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir"

"İsrailin səsi" dövlət radiostansiyasının populyar "Günün aktual hadisələri" verilişində "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının ("Azİz") Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan–tolerantlıq ərazisi" adlı yeni layihəsi şərh olunub.

"İsrailin səsi" radiostansiyasının aparıcısı, daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, "Azİz"in idarə heyətinin üzvü Arye Qut bildirib ki, Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olmuş və olacaqdır. O demişdir: "Qədim Azərbaycan torpağında islam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olmuşdur. Bu ölkədə indinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da vardır ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində səhiyyə və ərzaq nazirləri yəhudi xalqının nümayəndələri olmuşlar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir".

Qeyd edilib ki, Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadıqları yeganə və nadir yerdir, həm də ölkənin əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onlar bir-birinə ümumi tarix və tale ilə bağlıdırlar.

A.Qut bildirib ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.

Diqqətə çatdırılıb ki, bu layihənin həyata keçirilməsi və İsraildə "Azərbaycan – tolerantlıq ərazisi" sərgisinin nümayiş olunması Azərbaycanın tolerantlığın və multikulturalizmin təşviqinə yönəldilmiş siyasətinin bundan sonra da inkişaf etdiriləcəyinin əyani göstəricisidir.

Bildirilib ki, "Azİz" Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə iki gün əvvəl İsraildə Azərbaycanda tarixi tolerantlıq mövzusuna həsr olunmuş silsilə tədbirlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Birinci tədbir Kiryat Qatın meri vəzifəsini icra edən Yakov İfraimovun dəstəyi ilə bu şəhərdə keçirilib. Bu il İsrailin daha 10-dan artıq şəhərində oxşar tədbirlər keçiriləcəkdir. Apreldə Neşer şəhərində, mayda Tirat-Karmeldə "Azərbaycan – tolerantlıq ərazisi" fotosərgisi açılacaqdır. Biz məhz bu layihənin köməyi ilə İsrail xalqına göstərmək istəyirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmamışdır və biz - Azərbaycandan gəlmələr İsraildə Azərbaycan diasporu kimi, bu tolerantlıqla qürur duyuruq. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir.

A.Qut "İsrailin səsi" dövlət radiostansiyasının efirində şərhini belə yekunlaşdırıb: "Mənə elə bir müsəlman və xristian ölkəsi göstərin ki, orada Prezidentin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, belə bir ölkənin adını sadəcə çəkə bilməyəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə