Mingəçevirlilər Novruz bayramını təntənə ilə qeyd ediblər

Mingəçevirlilər Novruz bayramını təntənə ilə qeyd ediblər

Bahar bayramı münasibətilə Mingəçevir şəhərində böyük el şənliyi keçirilib. Şəhərin küçə, park və xiyabanları bayramsayağı bəzədilmişdir. Martın 20-də səhər saatlarından başlayaraq musiqi sədaları altında atlı çaparlar şəhərin məhəllələrini gəzərək Novruzun gəlişini müjdələyiblər. Şəhərin Heydər Əliyev meydanında müxtəlif sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnəciklər bir-birini əvəz edib. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunub.

Məktəblilərin və gənc rəssamların əl işləri, Tarix Muzeyinin qədim əşyalardan ibarət sərgisi, idarə və təşkilat kollektivlərinin təqdim etdikləri bayram süfrələri meydana xüsusi bəzək verib. Qız-gəlinlər kətə, yuxa, paxlava və qutav bişirib, nehrə asıb, cəhrə əyirib, yun darayıblar. Xonçalı qızların əhatəsində meydana daxil olan Dədə Qorqud və Bahar qızı yurdumuza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıblar. Alqış sədaları altında Novruz tonqalı alovlandırılıb. Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazların nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları tədbir iştirakçılarına xoş anlar yaşadıb. Şənlik boyu Novruz adətləri icra olunub, yumurta döyüşdürülüb, yeyinti məhsullarından ibarət sərgi də təşkil olunub. Bayram şənliyi maraqlı konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə