Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir".
Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il Naxçıvan Muxtar Respublikasında da Novruz bayramı geniş qeyd edilir, xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, martın 20-də Naxçıvan şəhərindəki Əcəmi Seyrangahı Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Milli geyimli qız Novruzun rəmzi olan səmənini tədbirə gələn Ali Məclisin Sədri Vasif Talıbova təqdim edib.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı "İgidlər" rəqsini ifa etmiş, el ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərliyindən, qəhramanlığından söz açmış, elin Novruz bayramını təbrik ediblər.
Bayram şənliyində Naxçıvan Musiqi Kollecinin xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının ifasında kompozisiya təqdim edilmiş, muğam üçlüyünün və rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
Ümummilli lider Heydər Əliyevin Əcəmi seyrangahındakı büstünün önündə uşaqlar Ulu Öndərimizə, vətənimizə həsr olunmuş şeirlər söyləyiblər.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin abidəsi önündə uşaqlarla şəkil çəkdirib.
Böyük bədii təsir gücünə malik olan aşıq sənətinin kökləri xalqımızın qədim tarixinə bağlanır. Qəhrəmanlıq, alicənablıq, xeyirxahlıq kimi ali dəyərləri özündə yaşadan, əsrlər keçdikcə cilalanıb müasir səviyyə çatan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Bu mənada şifahi xalq yaradıcılığının qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində aşıq yaradıcılığının rolu böyükdür. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvanda da qədimdən inkişaf etmişdir. Bu gün muxtar respublikamızda aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Aşıq sənətinə göstərilən qayğının nəticəsidir ki, minilliklərdən üzübəri gələn mənəvi zənginlik, xalqın istək və arzularının təcəssümü olan saz havaları Novruz bayramı şənliklərində geniş yer tutur, xalqımız tərəfindən yüksək rəğbətlə qarşılanır. Bayram şənliyində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri saz havaları üstündə təbriklərini çatdırmış, tədbir iştirakçılarına xoş anlar yaşatmışlar.
Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin rəqs qrupu bayram rəqsini ifa edib.
Xalqımızın zəngin və özünəməxsus folklor nümunələri vardır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu incilər nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatıb. Novruz bayramında təqdim olunan müxtəlif bədii kompozisiyalar da zəngin folklorumuzun və minillər boyu yaranmış adət-ənənələrimizin bir parçasıdır. Ən qədim dövrlərdən xalqımızın məişət həyatını özündə əks etdirən bədii kompozisiyalar insanlarda elə, obaya, milli dəyərlərə məhəbbət hissi aşılayır. Tədbirdə Naxçıvan Qızlar Liseyinin folklor qrupunun təqdim etdiyi "Bayram axşamı-axır çərşənbə" kompozisiyası maraqla qarşılanıb.
Naxçıvan Musiqi Kollecinin sazçalanlar ansamblı Naxçıvana həsr olunmuş aşıq havalarını səsləndirmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Əlvan çiçəklər" mahnı və rəqs ansamblı "Anam Azərbaycanım", "Naxçıvan", "Şən Azərbaycan" xalq mahnılarının sədaları altında rəqs edib, bayram şənliyinə xoş ovqat qatıblar.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbələrinin bir-birindən maraqlı rəqs nömrələri, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblının ifasında təqdim olunan kompozisiya və balabançalanların çıxışı alqışlarla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: "Bu ilki Novruz bayramı Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirləri ilə üst-üstə düşür. Ötən 90 il təkcə inkişaf tariximiz deyil. O, həm də mübarizə tariximizdir. Azərbaycanın bu qədim torpağında gərgin mübarizələr şəraitində dövlətçilik ənənələri davam etdirilmiş, qazanılan muxtariyyət qorunub saxlanmışdır. Bununla yanaşı, Azərbaycan xalqına xas olan adət-ənənələrimiz, torpağımız, sərhədlərimiz də qorunmuşdur".
Ali Məclisin sədri muxtariyyətimizin qurucularının, torpaqlarımızın bütövlüyü uğrunda mübarizələrdə canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etmiş, sabitliyimizin və torpaqlarımızın keşiyində dayananların bayramını təbrik edərək deyib: "Türk yazılı abidələrində millətin millət, dövlətin isə dövlət olmasının üç əsas şərti göstərilir. Bunlar xalqın varlığının, ana dilinin və milli ənənələrinin qorunub saxlanmasıdır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu dəyərlər həmişə üstün tutulmuş, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilmişdir. Bu gün Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli dəyərlərimiz də beynəlxalq aləmdə tanınır və qəbul edilir. YUNESKO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir".
Qeyd olunub ki, xalqımızın milli dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu bayramı əcdadlarımızın bizə bəxş etdiyi ən böyük töhfə kimi dəyərləndirən Ulu Öndərimiz deyirdi ki, Novruz bayramı "məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, onu ən uca tutan Azərbaycan xalqıdır". Xalqımız əsrlər boyu Novruz bayramını təbiətin oyanması, baharın gəlişi kimi qarşılamış, saf niyyətlərlə qeyd etmişdir. Bu il muxtar respublikamızda Novruz bayramı böyük quruculuq töhfələri ilə qarşılanır. Muxtar respublikada əldə olunmuş nailiyyətlər Novruz bayramı ilə başlanan yeni ilə nikbinliklə baxmaq imkanı verir. Biz hamımız əminik ki, "Muxtariyyət ili"ndə daha böyük nəticələr qazanılacaq, muxtar respublikamız Heydər Əliyev yolu ilə gedərək daha da çiçəklənəcəkdir.
Ali Məclisin sədri muxtar respublika əhalisini bir daha Novruz bayramı münasibətilə təbrik edib, Novruzun simvolu olan bayram tonqalını yandırıb.
Bayram tədbirində Naxçıvan Dövlət Filarmoniyasının Rəqs Ansamblının təqdim etdiyi yallı kompozisiyası bir daha xalqımızın birlik və həmrəyliyinin, qədim mədəniyyətinin təcəssümünə çevrilib.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, ney, balaban kimi çalğı alətlərimizə yeni həyat verilməsi mühüm əhəmiyyət daşıyır. Açıq Səma Altında muzeydə Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblı rəngarəng musiqi nömrələri ifa etmişlər.
Tədbirdə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının təqdimatında "Arşın mal alan" və "Ağca və Bozca" tamaşalarından səhnəciklər göstərilmişdir.
Əcəmi seyrəngahında geniş ərazidə ictima-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərinin satışı təşkil edilmişdi. Bayram tədbirinin iştirakçılarına muxtar respublikamızda hazırlanan müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunmuşdur.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.
axçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının qorunub saxlanılmasında böyük əhəmiyyətə malikdir. Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirir. Bu gün muxtar respublikamızda xalq sənətkarlığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, dəmirçilik, misgərlik sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçılarının marağına səbəb olub.
Şənlik Möminə Xatın türbəsinin ətrafında Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin nağaraçalanlar ansamblının çıxışı ilə davam edib.
Tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Azərbaycanda Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda da xalçaçılıq sənətinin qədim tarixi vardır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq ötən il "Naxçıvan xalçaçıları" kitabı çap olunmuş, Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytı hazırlanmışdır. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçaların, bədii tikmə və parça nümunələrinin satışı da təşkil olunub.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin rəsm əsərlərinə baxmışdır. Rəssamların muxtar respublikanın tarixi abidələri, təbiət mənzərələri, görməli yerləri ilə bağlı çəkdiləri əsərlər maraqla qarşılanmışdır. Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyü maraqlı ifaları ilə xoş ovqat yaradıb.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz Bayramı münasibətilə bayram şənlikləri keçirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB