Prezident İlham Əliyev: "Bizim xarici siyasətimiz tam müstəqildir"

Prezident İlham Əliyev: "Bizim xarici siyasətimiz tam müstəqildir"

"Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliyindəki nitqində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, xarici siyasətimizin uğurlu olmasını BMT-də iki il bundan əvvəl aparılmış seçkilər də təsdiqləyir. Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv olub. İki il ərzində bu təşkilatda ləyaqətlə iştirak edirdi. Dediyim kimi, beynəlxalq hüququ, ədaləti müdafiə edirdi.

Prezident İlham Əliyev deyib: "Xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır.

Tarixi ədalət, beynəlxalq hüquq pozulub. Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür.

Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə