Böyük Britaniyanın “City” Universitetində Novruz bayramı

Böyük Britaniyanın “City” Universitetində Novruz bayramı

Böyük Britaniyanın "City" Universitetində fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrdən olan tələbələrlə yanaşı, universitetin müəllim heyəti də iştirak edib.

Cəmiyyətin sədri Azər Əsgərov Novruz bayramının tarixindən danışıb, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması haqqında qətnamə qəbul etdiyini bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Vusal Abdullayev Novruz bayramı haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edilib ki, Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası "Yeni gün" deməkdir. Qədim zamanlardan başlayaraq Azərbaycan türkləri ilə yanaşı, Şərqin digər xalqları da baharın - Yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Diqqətə çatdırılıb ki, Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbir çərçivəsində qonaqlar milli mətbəximizin nümunələri - şəkərbura, paxlava, qoğal və Novruz bayramının digər təamlarından dadıblar.

Tələbələrin ifa etdikləri musiqilər və milli rəqslər qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə