Azərbaycanın Özbəkistandakı səfirliyinin, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM), Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki "Türküstan" konsert sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçirilib.
Bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Diplomat Azərbaycan və özbək xalqlarının milli bayramı - Novruz haqqında söhbət açıb. Səfir deyib ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.
BMM-nin direktoru Nəsrəddin Məhəmmədiyev bildirib ki, Novruz Azərbaycanda olduğu kimi, Özbəkistanda da ən əziz bayramdır və yüksək səviyyədə qeyd olunur. Şadam ki, bizi həm də Novruz bayramı birləşdirir.
RAMM-nin sədri Mobil Məmmədov qədim bayram münasibətilə Azərbaycan və özbək xalqlarını təbrik edib. O deyib ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və vəfaya çağırış bayramıdır.
Bayramın bədii hissəsində ölkəmizi "Aypara" qrupu təmsil etmişdir. VII Beynəlxalq "Avrasiya səsləri" festivalının qalibləri - Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və ikinci respublika muğam müsabiqəsinin qalibi, xanəndə Aytən Məhərrəmova, habelə "Muğam televiziya müsabiqəsi – 2007"nin laureatı, xanəndə Vüsal Zamanovun xalq mahnılarımızı, muğam və təsniflərimizi yüksək ustalıqla ifaları alqışlarla qarşılanıb.
Konsertdə Özbəkistan tərəfdən, Bakıda keçirilmiş beynəlxalq muğam festivalının qaliblərindən olan Yulduz Turdiyeva və "Nixol" mükafatı laureatı, tanınmış müğənni İsroil Saidumarov, Rəna Əzizova Azərbaycan və özbək mahnılarını oxumuş, İlham Abdullayev sazda qədim el havalarını ifa edib. Aytən Məhərrəmova, Vüsal Zamanov və Yulduz Turdiyevanın birlikdə ifa etdikləri "Qarabağ şikəstəsi"ni isə iştirakçılar ayaqüstə alqışlayıblar.
Səfir Hüseyn Quliyev, Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, Mobil Məmmədov ifaçılara RAMM-nin diplomlarını təqdim edib, İlham Abdullayev isə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
"Türküstan" konsert sarayının foyesində Azərbaycan mədəniyyəti, Novruz adət-ənənələri, ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı kitablardan ibarət sərgi, rəsm və xalçalarımız, milli məişət əşyaları, qədim musiqi alətlərimiz, suvenirlər nümayiş etdirilib. İştirakçılar bayram şirniyyatları - paxlava, şəkərbura və qoğala qonaq edilib, ziyafət verilib.
Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB