Sumqayıtda xüsusi xidmət orqanlarının 95 illiyi qeyd olunub

Sumqayıtda xüsusi xidmət orqanlarının 95 illiyi qeyd olunub

Sumqayıtda Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 95 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasında və inkişafında müstəsna rolu olan ulu öndər Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycanın xüsusi xidmət orqanlarının 95 il ərzində keçdiyi tarixi və şərəfli yoldan bəhs edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, 1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı yanında kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan milli təhlükəsizlik orqanları respublikamıza qarşı olan təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır. Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da hökm sürən ictimai-siyasi sabitliyin qorunmasına və təhlükəsizliyin təmin olunmasına Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər idarəsi öz layiqli töhfəsini verir.

Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasından və keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycanın təhlükəsizliyi naminə göstərdiyi fəaliyyətdən bəhs edən film nümayiş olunub.

MTN-nin Sumqayıt şəhər idarəsinin rəisi Vüqar Əliyev ümummilli lider Heydər Əliyevin respublikamızın xüsusi xidmət orqanlarının formalaşması və bu sahəyə milli kadrların cəlb edilməsindəki misilsiz xidmətlərini xatırladıb. Vurğulanıb ki, Ulu Öndər milli təhlükəsizlik orqanlarının fəaliyyətinin gücləndirilməsi, əməkdaşların peşəkarlığının artırılması və sosial məsələlərinin həlli istiqamətində mühüm işlər görüb. MTN işçilərinin peşə bayramının təsis edilməsi və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Liderin adı ilə bağlıdır.

Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da müasirləşdirilməsi ilə bağlı gördüyü işlərdən də söhbət açılıb. Sumqayıt Apelyasiya məhkəməsinin sədri Səadət Bektaşi, şəhər prokuroru Dağlar Zeynalov və şəhər polis idarəsinin rəisi, general-mayor Sahib Mirzəyev MTN əməkdaşlarını təbrik edib, onların Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı, milli maraqların qorunması sahəsindəki xidmətlərini, ölkəmizə xaricdən olan təhdidlərə qarşı aparılan tədbirləri yüksək qiymətləndiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə