Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, polis əməkdaşları əvvəlcə Şəki şəhərində anadan olan Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiya Federasiyasının Nijnı Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıblar. Araşdırmalarla müəyyən edilib ki, Oruc Şirəliyevin qətlini onun həyat yoldaşı Sevinc Şirəliyeva, oğlu Bürhan Şirəliyev və ailəyə yaxın olan Vüsal Mustafayev sifariş veriblər. V.Mustafayev istintaqa ifadəsində bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyev ilə uzun müddət aralarında ədavət olub. O, həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var-dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. V.Mustafayev bu məqsədlə Orucun həyat yoldaşı Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana əsasən, Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Vüsal Mustafayev Şəki şəhər sakini İqbal Cumayevə qətli törətmək üçün killer tapmağı tapşırıb. İ.Cumayev isə həmyerlisi Elçin Məmmədovu taparaq Vüsalla tanış etmişdir. Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə biləcəyindən qorxaraq qətli Azərbaycanda deyil, Rusiya Federasiyasında törədəcəyini bildirib.
Plana əsasən, Oruc Şirəliyevin oğlu Bürhan Şirəliyev qabaqcadan Nijnı Novqorod şəhərinə gedərək Elçin Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib. Beləliklə, Oruc Şirəliyevi izləyən Elçin 2013-cü il aprelin 13-də onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən Rüfət Nurəliyevin vasitəsi ilə satılaraq pulları bölüşdürülüb. Vüsal Mustafayev ilə Bürhan Şirəliyev isə əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən pulun yarısını - yəni 10 min manatını ala bilib.
Araşdırmalarla daha sonra müəyyən edilib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Azərbaycan Beynəlxalq Bankının bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər. Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və külli miqdarda qızıl vardır. Vüsal Mustafayev tanışı Kamran Qafarovu da ətrafına cəlb edərək gecə saatlarında Xanlar Hüseynovun evinə gəliblər. Onlar başlarına maska keçirmiş evə girmək istədikdə həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor tətbiq ediblər. Onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdən 1400 dollar və 3600 manat pul aparıblar.
İstintaq saxlanılan şəxslərin müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib. Vüsal Mustafayev ilə Kamran Qafarov tanışları - Şəki şəhər sakinləri Mikayıl Mustafayev və Rüfət Hüseynəliyevi də bu işə cəlb ediblər. Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları və digər ləvazimatlar alaraq bir neçə dəfə bankomatları yarmaq istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng, gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, dəstə üzvləri saxlanılarkən hər birinin üstündən narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki, Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri də ələ keçiriblər. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə məhkum olunan İlqar Teymurov və əlbir olduğu Loğman Abdullayev narkotik maddə satarkən cinayət başında tutulublar.
Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış, istintaq aparılır. Saxlanılan şəxslərin digər cinayətlər də törətdikləri ehtimal olunduğundan bu istiqamətdə araşdırmalar davam etdirilir.
Bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşlardan Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB