Novruz bayramı münasibəti ilə Lerikdə ümumrayon şənliyi keçirilib FOTOLAR

Novruz bayramı münasibəti ilə Lerikdə ümumrayon şənliyi keçirilib FOTOLAR

Lerik şəhərində bayramsayağı bəzədilmiş, ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisələrin əməkdaşlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik edib, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərini, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu icrasının nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf edir. Ötən Novruz bayramından keçən bir il Lerik rayonu üçün də uğurlu və yaddaqalan olub. Rayon gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilib. Bundan sonra da əhalinin həyat səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Tədbir musiqi sədaları altında bayram tonqalının alovlandırılması ilə davam etdirilib. Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri, Lənkəran Dram Teatrının aktyorları tərəfindən Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, eləcə də pəhləvanların və kəndirbazların müxtəlif nömrələri nümayiş olunub.

Bayram tədbirində məktəblilərin ifasında bayram ovqatlı şeirlər səsləndirililib, rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı ifa edilib.

Həmin gün rayonda Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib. Yarmarkada rayon sahibkarları müxtəlif çeşiddə olan məhsullar təklif ediblər.

Novruz bayramı münasibəti ilə həmçinin rayon icra hakimiyyətinin başçısı adından rayondakı şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatı verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə