Quba rayonunda möhtəşəm Novruz şənliyi

Quba rayonunda möhtəşəm Novruz şənliyi

Quba rayonunda keçirilən Novruz şənliyində yüzlərlə rayon sakini baharın gəlişini böyük sevinclə bayram edib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən rayon icra başçısı Mübariz Ağayev bayram münasibəti ilə sakinləri təbrik edib.

İcra başçısı bildirib ki, artıq ölkəmizdə baharın nəfəsi duyulmaqdadır. Xalqımız özünəməxsus çoxəsrlik tarixə və zəngin ənənələrə malik Novruz bayramını müxtəlif mərasim, ayin, etiqad, oyun və şənliklərlə qeyd edir, Çərşənbələri yüksək bayram əhval-ruhiyyəsi ilə keçirir. Bayram tonqalı yandırıldıqdan sonra, mərasim iştirakçıları rayonun ayrı-ayrı kəndlərinin özünəməxsus məşğuliyyəti, qədim adət və ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Novruz şirniyyatı, bayram geyimləri ilə, Novruzun gəlişini əks etdirən müxtəlif sərgilərlə tanış olublar. Novruzun personajları olan Keçəl və Kosa milli paltar geyinmiş oğlan və qızlarla birgə bayram tonqalı ətrafında dövrə vuraraq yallı gediblər. Rayonun bədii özfəaliyyət kollektivlərinin və idmançıların çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə