Paytaxtda Novruz sevinci yaşanır REPORTAJ

Paytaxtda Novruz sevinci yaşanır REPORTAJ

Paytaxtda Novruz bayramı münasibətilə müxtəlif şənliklər keçirilir. Bayram şənlikləri İçərişəhər ərazisində başlayıb. Burada müxtəlif musiqilər səsləndirilir, həmçinin Azərbaycanın ənənəvi-tarixi nümunələri nümayiş etdirilib. SİA-nın məlumatına görə, şənliklər daha sonra Dənizkənarı Milli Park ərazisində davam edib. Burada Novruz bayramının simvolları şənliyə gözəl ab-hava qatıb. Müxtəlif məzəli-yumoristik səhnəciklər və oyunlar keçirilib. Bayram münasibətilə keçirilən konsert hamıda xoş əhval-ruhiyyə yaradıb. Park boyunca Azərbaycanın müxtəlif rayonlarına məxsus mədəniyyət və incəsənət nümunələri, həmçinin özlərinə məxsus yeməklər stendlərdə nümayiş edilib.

Yeməklər şəhər əhalisinə yeməklər pulsuz şəkildə paylanıb. Bundan başqa bayram münasibətilə "Bulvar" ərazisində kənd məhsullarının yarmarkası keçirilib. Burada müxtəlif bölgələrdən gətirilən məhsullar ucuz qiymətə satılıb.

Bu dəfə təşkil olunan Novruz festivalı isə tamam fərqli olacaq. Belə ki, ölkəmizdə 2015-ci ildə keçiriləcək Avropa oyunlarında təmsil olunacaq idmaçılarımız xüsusi yaradılmış meydançalarda öz məharətlərini göstəriblər.

"İçərişəhər"də sizi rəngarəng konsert proqramı gözləyir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Keçən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin - Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak edəcəklər. Dörd gün davam edəcək bayram festivalı günlərində Qoşaqala Qapısı meydanında "Meydan bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə "Muğam üçlüyü" çıxış edəcək.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.

"Qala" qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də İçərişəhərdən, Qoşaqala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

Qeyd edək ki, bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində qədəm qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə