Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev növbəti müəllif yazısı ilə çıxış edib. SIA həmin yazını təqdim edir.
Yəqin xatırlayarsınız, "Maydan"da gedən proseslərin fonunda ümumən Ukrayna olayları vüsət aldığı zaman ortalıq çox maraqlı(həm də şablon) bir mənzərə tablosuna qərq olmuşdu: Xalq, demokratiya, yenilməzlik, əzmkarlıq və s bu kimi rənglərin müşayəti ilə...
Hətta qısa bir zaman kəsiyində Ukrayna xalqının az qala "ilin xalqı" deyə qiymətləndirilməsinə təşəbbüs göstərənlər belə tapıldı. Niyə? Çünki, meydanlar boşalmırdı, hakimiyyətə göstərilən müqavimət davamlı idi və nəhayət, proses sonuca vardı: Yanukoviç devrildi və Ukrayna dövləti, eyni zamanda xalqı yeni bir mərhələyə qədəm qoydu. Həm də həmin xalq bu qədəmləri öz çiynində bu günlərə gətirdiyini zənn edərək.
Amma proseslərin gedişatında ağıllı adamları və ələlxüsus da siyasətdə bəsirət gözü açıq olanları düşündürən ayrı bir məqam da vardı: Gerçəkdənmi xalq? Hər şeyi onlarmı elədi? Və ya ilkin mərhələdə göz oxşayan ayrıntılar doğrudanmı həmin xalqın fədakarlığından və dönməzliyindən doğan səbəbiyyət idi? Yox əgər elədirsə, o zaman bir də buyursun həmin xalq. Krımı da qorusun, onları da hifz eləsin. Dünyadan və Rusiyadan! Həm də çox yox, bir həftə öncəyə qədər( öz aləmində) bütünlükdə Ukraynanı Yanukoviç hakimiyyətindən qoruduğunu zənn etdiyi tək. Amma alınarmı? Alınmaz. Niyə? Çünki, Qərbin və Avropanın o xalq üçün nəzərdə tutduğu rol artıq bitib. Və ya ən azından prosesin gerisi onlarlıq deyil. Bir az da bədii formada söyləmiş olsaq: "Fatı qalx, Fatı otur"proseduru artıq "Fatı"nın oturma mərhələsinə dövr alıb...
***
Eyni adlı hadisələrlə bağlı Azərbaycana dövlət olaraq ən çox verilən sualın məğzi isə budur: Kimin tərəfindəsiniz? Oysa, çox maraqlıdır: bu prosesdə ümumiyyətlə Amerika və Rusiyadan başqa tərəf varmı? Və ya barı Ukrayna xalqının özü həmin prosesdə tərəf ola bilibmi? Məncə olmayıb. Amma deyim ki heç hansısa gözə-görünməz qüvvənin təlimatı ilə idarə edildiyinin və bəlli məqsədlərə qurban verildiyinin də fərində olmayıb... Xalq nəzəriyyəsinin də praktik məziyyəti bax budur: Sən meydanda hisslərini ortalığa qoyursan, o meydanı düzənləyənlər isə sənin boyuna biçdiyi testlərini. Və bir baxırsan ki, artıq təcrübə dovşanına çevrilmisən. Olsan da vay, olmasan da. Qalsan da vay qalmasan da...
***
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ikii gün öncə mediaya vermiş olduğu açıqlamada çox maraqlı bir ifadə işlətdi. Həmin ifadəni nöqtə və vergülünə toxunmadan sizlərin diqqətinə çatdırmaq istəyirəm: "2014-ün Ukraynası 90-91-92-nin Azərbaycanını xatırladır. O zaman sizlər də bənzər avantürist meyllərin qurbanı olmuşdunuz. Və bu gün heç nə dəyişməyib. Yalnız icraçılardan savayı. Metodlar və imzalar isə eyni olaraq qalmadadır".
Adam sanki bizim ağzımızla danışıb və eyni zamanda söyləmək istədiklərimizi öz dilinə gətirib. Həm də son dərəcə uğurlu bir müqaysə ilə. Ələlxüsus da Dağlıq Qarabağ fonunda. Və ya bir zamanlar Azərbaycan torpaqlarının itirilməsi bu gün eynən başı bəlalı Krımın Rusiyaya ilhaq edilməsinə bənzəyir. Bütün parametrlərlə! Xaos, siyasi lider defisiti, xalqın oyuna gətirilməsi və sonucda olub-keçən hər şeyin də elə həmin xalqın başındaca çatlaması... bax köhnə Azərbaycanla bu günki Ukraynanı birləşdirən əsas əlamət kabusu budur. Həm Rusiya faktoru etibarilə, həm də post-sovet dövlətlərinə yönəlik münasibətlə...Niyə post-sovet dedim? Çünki, uzun illərdən bəri Qərb və Rusiyada belə bir qənaət formalaşıb ki, bir vaxtlar SSSR-nin tərkibində olan dövlətlər bu gün himayəsiz və qəyyumsuz qala bilməz. Daha doğrusu qalmamalıdır. Niyə? Çünki, onlar belə istəyir. Vəssalam. Başqa səbəb yoxdur!
***
Azərbaycanın radikal müxalifəti isə bir müddət əvvələ qədər özünə yamanca əl qatmışdı. Həm də son dərəcə qeyri-adi bir şüvənliklə. Ki, Ukrayna hadisələrini ölkəmizə transfer eləmək lazımdır, ay demokratiya elə getdi, insan hüquqları belə gəldi, nə bilim hakimiyyət sevdası o biri dalandan başqa cür fırlandı və s ilaxır...Amma indi baxın, səsləri çıxmır. Sanki özlərinə qapılıb dayanıblar. Bilirsinizmi niyə? Çünki, bütün dünyanın gördüklərni artıq bunlar da kor gözlərini açaraq görmək məcburiyyətindədir. Təbii, hər zaman olduğu kimi yenə də bir-iki istisna ilə...Misal üçün AXCP sədri Əli Kərimli deyir ki, Azərbaycan dövləti Ukrayna ilə bağlı qəti mövqe nümayiş etdirməli idi. Və etdirmədi.
Əvvəla ondan başlayaq ki, Ukraynanın özü Azərbaycanla bağlı istənilən həssas məqamlarda heç bir zaman xüsusi aktivlik göstərməyib. Elə eyni adlı səbəbdən də bu gün sakit dayanmış olsaq belə ən azından hər hansı bir təpki və qınaqla üzləşməməliyik.
İkincisi, nə qəribədir ki, Azərbaycan müxalifəti yarandığı gündən etibarən mənsub olduğu dövlətdən daha çox bir başqalarının marağına xidmət eləyib. Ona görə də könülləri və avazları harda xoş olsa belə öz ölkələrində bərbaddır. Eyni zamanda 20 ildir xalqın dəstəyindən birkərəmlik məhrumdur!
Və son olaraq...əgər radikal müxalifətin məqsəd və amalı Azərbaycanı Ukraynanın, Qarabağı isə Krımın gününə salmaqdırsa, o zaman elə indidən bilmiş olsunlar: "Qulaqlarıının dibini görərlər"... Olmayacaq belə bir şey. Kimsə buna imkan verməyəcək! Bilirsinizmi niyə? Çünki, bu ölkəni Yanukoviç deyil, İlham Əliyev idarə edir. Çünki, bu hakimiyyət kiminsə vassallığında deyil, Azərbaycan xalqının hizmətindədir. Və nəhayət... Çünki, Timoşenkoların və Kliçkoların prototipi olan radikallar Ukraynadan fərqli oalraq bu ölkədə çoxdan bitib, tükənib, haralarasa qeyb olub.
Həm də real siyasətə bir daha qayıtma şanslarını sıfırın belə altında saxlayaraq...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB