Səbaillilərin əsgərlərə ənənəvi Novruz töhfəsi

Səbaillilərin əsgərlərə ənənəvi Novruz töhfəsi

Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əşgərlərlə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikanın incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər.

Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar.

Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.

Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilən kazarmalar üçün Səbail RİH-nin hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıblar.

Hərbi hissə komandanlığı adından çıxış edən "N" saylı hərbi hissəinin komandir müavini, polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissəinin rəhbər komanda heyəti ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İdarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak ediblər.

Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Müğənnilər Elton Hüseynəliyev və Sevda Yəhyayevanın çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra bayram münasibəti ilə nümunəvi xidmətə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılan 6 nəfər əsgər Səbail RİH-nin nümayəndələri tərəfindən evlərinə çatdırılıb və bu da onların ailələri üçün bayram sürprizi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə