İstanbul Türkiyə Azərbaycan Dərnəyi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə İstanbulda Türkan Saylan Mədəniyyət Mərkəzində möhtəşəm Novruz şənlikləri təşkil edib. Disaporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan və Türkiyədən çox sayda qonağın, eləcə də Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun qatıldığı tədbirin iştirakçıları Novruzun adətlərinə uyğun olaraq yumurta döyüşdürüb, tonqalın üzərindən atlanıb.
Kədərini və sevincini birlikdə yaşayan Azərbaycan və Türkiyə xalqı Novruz bayramı şənliyində 18 Mart Çanaqqala şəhidlərini də unutmayıblar. İki ölkənin himnlərinin oxunmasının ardınca Çanaqqala şəhidlərinin xatirəsinə həsr edilən səhnəciklə şəhidlərin xatirəsi anılıb. Tədbirdə çıxış edənlər də Çanaqqala döyüşünün ildönümünə xüsusi diqqət ayırıb.
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu hər kəsin Novruz bayramını təbrik etdikdən sonra Çanaqqala zəfərinin 99-cu ildönümü ilə əlaqədar Çanaqqalada, Azərbaycanda, Anadolunun müxtəlif yerlərində vətən və müstəqillik uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsinin hörmətlə anıldığını bildirib.
Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov isə öz çıxışında Novruz bayramının tarixindən danışıb. O deyib ki, beş min ildir qeyd edilən Novruz bayramı birlik, bərabərlik, sülh bayramıdır: "Novruzda bütün küsülülər barışır, hər şey yenilənir, təmizlənir, bir-birini tanımayan adamlar belə bayramlaşır".
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi – ATXƏM-in rəhbəri İlqar İlkin də çıxış edərək burada iki ölkənin himninin oxunmasından, Azərbaycan xalqına göstərilən diqqətdən məmnunluğunu və Türk olmaqdan qürur duyduğunu dilə gətirib. İlqar İlkin rəhbərlik etdiyi təşkilatla İstanbul Türkiyə Azərbaycan Dərnəyinin diaspor fəaliyyətində birgə çalışdığını və bu istiqamətdə Azərbaycan hökumətinin göstərdiyi dəstəyi də xüsusi vurğulayıb.
Novruz şənliklərinə Azərbaycanda dəvət olunan və Türkiyədən olan musiqi qruplarının çıxışı gecəyə xüsusi rəng qatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB