Muxtar İmanov: " "Novruz" bərabərlik, dostluq və qardaşlıq bayramıdır" Açıqlama

Muxtar İmanov: " "Novruz" bərabərlik, dostluq və qardaşlıq bayramıdır" Açıqlama

"Azərbaycan dövləti Novruz bayramına böyük önəm verir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. O tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur". SİA-nın xəbərinə görə, bu fikirləri AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.

M. İmanov bildirib ki, 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə bir yerdə YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahasına daxil edilib: "Prezident İlham Əliyev hər il möhtəşəm Novruz tədbirlərində iştirak edir və bu bayramın əhəmiyyətini xüsusi vurğulayır. Bununla demək istəyirəm ki, Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. İnsanlar evlərdə, meydanlarda, təbiət qoynunda şənlik mərasimləri keçirər, deyib-gülərlər. Hesab edirəm ki, milli bayramımız olan Novruzun ümumbəşəri məna daşıması imkan verdi ki, 2010-cu ildə BMT-nin Baş Məclisi 21 Mart tarixini "Beynəlxalq Novruz Günü" elan etsin".

"Novruz bərabərlik, ruzi-bərəkət, rifah, küsülülərin barışdığı bayramdır. Bildiyimə görə, bu il Novruz bayramı Bakıda fərqli şəkildə keçiriləcək. Fərq ondan ibarət olacaq ki, bayram şənlikləri eyni zamanda, beynəlxalq festival kimi qeyd ediləcək. Yəni təkcə Azərbaycanın deyil, başqa ölkələrin də nümayəndələri özlərinin bayram adətlərini nümayiş etdirəcəklər. Bu festival bir daha göstərəcək ki, Novruz bayramı ölkəmizdə hər il yüksək səviyyədə keçirilir və ildən ilə onun möhtəşəmliyi artır" - deyə, M.İmanov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə