“Sən də fəal ol!” layihəsi keçirilib

“Sən də fəal ol!” layihəsi keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təlimlər mərkəzinin təşkilati dəstəyi ilə məqsədi gənc qızlarda özünəgüvən hisslərinin aşılanması, sosial təşəbbüskarlığın, ictimai fəallığının artırılmasından, erkən nigahın qarşısının alınmasına dəstək verməkdən ibarət olan "Sən də fəal ol!" adlı layihə reallaşdırılıb. SİA-nın məlumatına görə, Bakı Ali Neft Məktəbində layihənin açılış mərasimi keçirilib.

Mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan rektor Elmar Qasımov layihənin xanım iştirakçılarını ictimai həyatda fəal olmağa çağırıb. Daha sonra layihənin rəhbəri, Bakı Ali Neft Məktəbinin tələbəsi Aynaz Mirzəzadə iştirakçıları layihə barədə məlumatlandırıb.

Layihə çərçivəsində iştirakçı gənclər üçün Bakı Ali Neft Məktəbinin konfrans zalında və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında Bakı Ali Neft Məktəbinin tələbələrlə iş şöbəsinin mütəxəssisi Həbibə Sadıqlı "Fəal olmaq üçün nə etməli?" və tanınmış təlimçi Talıb Bayramov "İctimai fəallıq" mövzusunda interaktiv təlimlər keçib, mövzu ətrafında iştirakçılarla diskusiyalar aparıblar.

Layihənin sonunda təlimdə fərqlənən gənc xanımlar sertifikatlarla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə