Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdandan sonra bütün sahələrdə olduğu kimi, milli təhsil sistemində də əsaslı islahatlar həyata keçirilib. Təhsil sisteminə dövlət vəsaitinin həcmi dəfələrlə artırılıb, onun maddi–texniki bazası möhkəmləndirilib, strateji inkişaf proqramları təsdiq edilib. Bu tədbirlərin nəticəsidir ki, son 20 ildə Azərbaycanın təhsil sistemində böyük irəliləyişlər olub. Bu sözləri pedaqoji elmlər doktoru, professor Zahid Qaralov Türkiyənin İstanbul şəhərində dünyəvi təhsil problemlərinə həsr olunmuş beynəlxalq konfransda "Təhsil sistemi quruculuğunun elmi əsasları" mövzusundakı məruzəsində deyib.
Məruzəsində şəxsiyyətin, ailənin, cəmiyyətin, dövlətin formalaşmasının, cəmiyyət həyatının bütün sahələrinin – iqtisadiyyatın, sosial həyatın, ictimai-siyasi təsisatların, elm və texnikanın, texnologiyaların birbaşa təhsil sistemlərinin təsiri ilə inkişaf etdiyini vurğulayan alim deyib ki, təhsil insanlığın, cəmiyyətin təkanverici qüvvəsidir: "Təhsil anlayışının meydana gəldiyi dövrdən günümüzə qədər yaradılmış çoxsaylı təhsil quruculuğu nəzəriyyələrinin və sistemlərinin heç birini mükəmməl ölçü vahidi kimi qəbul etmək mümkün deyildir. Çünki bunların heç biri sürətli inkişaf edən qloballaşma və inteqrasiya proseslərinin tələblərinə tam cavab vermir. Bütün nəzəriyyələr və sistemlər dünyanın inkişafından geridə qalır, təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən hadisələrin bütöv halda və düzgün dərk olunmasına imkan vermir".
Dünya xalqlarının inkişaf dinamikasını sürətləndirməyin, insanlığı maddi və mənəvi böhranlardan qorumağın, hər şeyi insan inkişafının istəyinə yönəltməyin yollarından danışan Z.Qaralov bildirib ki, mövcud sistemləri və nəzəriyyələri əsaslı şəkildə təkmilləşdirmək, bunların hər birində olan səmərəli elementləri, müsbət təcrübəni sistemləşdirmək və hamı üçün faydalı olan modellər hazırlamaq qarşıda duran vacib vəzifələrdir: "Bunun üçün xüsusi beyin mərkəzləri yaratmaq və bu mərkəzlərə təcrübəli, zəkalı kadrları cəlb etmək lazımdır. Belə mərkəzlər həm milli dövlətlər, həm də ümumdünya səviyyəsində yaradılmalıdır. Bu mərkəzlər milli və beynəlxalq təcrübəni, nəzəri konsepsiyaları təhlil edərək mükəmməl təhsil modeli yarada bilər".
Alim dünya üzrə beyin mərkəzinin UNESCO-nin nəzdində yaradılmasını təklif edib.
Müxtəlif ölkələrdə buraxılış və qəbul imtahanlarında, təhsil müddətində pillələrə bölünmədə, bilik verməyin və bilik almağın stimullaşdırılması sistemində, təhsil prosesinin maliyyələşdirilməsində böyük fərqlərin olduğunu diqqətə çatdıran professor Z.Qaralov bu sahədə sinxronlaşdırmaya ehtiyac olduğunu diqqətə çatdırıb.
Təhsil sisteminin zəifləməsinin həyatın bütün sahələrinin inkişafının ləngiməsinə səbəb olacağını bildirən məruzəçi qeyd edib ki, bu sahəni mütərəqqi inkişaf müstəvisinə gətirmək üçün təsirli tədbirlər görülməlidir.
Təhsil quruculuğunda yeni və mükəmməl universal sağlam üçlüklər (3+3+3) nəzəriyyəsinin elmi əsaslandırılmasından danışan professor Z.Qaralov deyib: "İnsan dəyişən, inkişaf edən mürəkkəb, dinamik, mükəmməl və bütöv bir sistemdir: "Təhsil sistemləri qarşısında qoyulan vacib problemlərdən ən başlıcası kamil insanların formalaşdırılması əsasında sağlam ailə və dinamik inkişaf edən cəmiyyətin qurulmasının təmin edilməsidir.
Kamil insan, sağlam ailə və sağlam cəmiyyət yalnız mənbəyi ailə-məktəb-ictimaiyyət birliyindən, məzmunu milli–mənəvi, ümumbəşəri və dünyəvi dini mədəniyyət nümunələrinin cəmindən, metodologiya və texnologiyaları çoxtərəfli insan-təbiət-cəmiyyət qarşılıqlı münasibətlər mədəniyyətindən yaranan tərbiyə sistemi əsasında yetişə bilər.
Əmin edirəm ki, dünyada ilk dəfə formalaşdırılmış və elmi əsaslar üzərində qurulmuş bu nəzəriyyə tərbiyə problemlərinin tamamilə yeni müstəviyə keçirilməsinə böyük imkan yaradacaqdır. Nəzəriyyə universal olduğundan dünya təhsil sistemlərinin hər biri üçün yararlıdır".
Təhsil sistemlərinin yeniləşdirilməsinə kömək edə biləcək daha bir elmi təklif barədə söhbət açan alim bildirib: "Təbiət-cəmiyyət–insan sistemi dünyada mövcud olan bütün sistemlərin qarşılıqlı təsiri, hərəkəti, inkişafıdır. Bu sistemin tənzimlənməsi işlərini də yalnız sağlam, həqiqi elmi dünyagörüşü daim inkişafda olan insanlar qura bilərlər. Dünyagörüşü daim təkmilləşməkdə, kamilliyə doğru hərəkətdə olan insanlar dünyanın inkişafına, bəşəriyyətin qorunub saxlanmasına həmişə faydalı təsir göstərirlər.
Eyni zamanda, insan-təbiət-cəmiyyət münasibətlərinin normal qurulması yalnız elmi dünyagörüşü kamil insanların istifadə etdiyi və həyata keçirdiyi proqramlar əsasında mümkün ola bilər.
Təbiət-cəmiyyət-insan sistemində dayanıqlı inkişafın saxlanması prinsipi vardır. Bu prinsipin nəzərə alınmaması və ya bu qanuna əməl olunmaması fəlakətlə, dünya böhranı ilə nəticələnir.
Tədqiqatlardan gəldiyim üçüncü universal elmi prinsip belədir: İnsan maddi ilə ruhunun birliyindən yaranmış müstəqil tarazlı sistemdir. Bu sistem çoxsaylı müstəqil tarazlıqda olan sistemlərdən yaranmışdır. İnsan-təbiət, insan-cəmiyyət, təbiət-cəmiyyət sistemləri mövcuddur və bu sistemlər ümumdünya tarazlıq qanunu çərçivəsində fəaliyyət göstərir.
Bütün dünyada – təbiətdə, cəmiyyətdə, insan təfəkküründə, kainatda baş verən hadisələrin, dəyişmələrin sonu dayanıqlı tarazlıq vəziyyətinə gəlməkdədir.
Ümumdünya tarazlıq qanunu təhsil–tərbiyənin bütün pillələrində yaxşı öyrədilərsə, yeni nəsillər qlobal böhrana aparan səbəbləri aradan qaldırmaq üçün daha səmərəli fəaliyyət göstərərlər".
Azərbaycanlı alimin məruzəsi və təklifləri konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib, geniş diskussiyaya səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB