QMİ sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrik məktubunda Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramı kimi dəyərləndirilib.
Təbrikdə bildirilib ki, Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsinin, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükr-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.
"Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimizin və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm Prezidentimiz İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibah yolunu ürəkdən dəstəkləyir", - deyə şeyxülislam Allahşükür Paşazadə təbrikində bildirib.
Şeyxülislam Allahşükür Paşazadə məktubunu bu sözlərlə bitirib: "Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy, Novruzun qədəmləri mübarək olsun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB