Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı ilə əlaqədar el şənlikləri Lənkəranda da böyük təntənə ilə keçib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ümumrayon tədbirinin keçirildiyi şəhər dəmiryolu vağzalının qarşısındakı meydanda böyük qələbəlik yaşanıb. Yerli sakinlər əlvan xonçalarla, yaşıl səmənilərlə, tar-qavalla Bahar qızın pişvazına çıxıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və qonaqlar da camaatla bayram sevinclərini paylaşmaq üçün şənliyə qatılıblar.
Tədbir iştirakçıları Lənkəran Tarix-diyarşünaslıq muzeyinin eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbi müəllim və şagirdlərinin rəsm əsərləri, eləcə də milli-mədəni irsimizə aid örnəklərlə yaxından tanış olublar.
İcra hakimiyyətinin başçısı T.Qaraşov şənlik iştirakçılarını və bütün lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib, hamıya ən xoş arzularını çatdırıb. Natiq bildirib ki, bu il xalqımız şanlı el bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа aydın görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir.
Təbrik nitqində həmçinin cənab Prezidentin şəhərimizə ötən ilki səfərinin lənkəranlıların xatirəsində unudulmaz hadisəyə çevrildiyini xüsusi vurğulayan T.Qaraşov rayonda yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı danışıb, xoş qədəmli bu ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söyləyib: "Qoy, baharın gəlişi xalqımız üçün düşərli olsun, hər evə, hər ailəyə xeyir-bərəkət, əmin-amanlıq, səadət nəsib etsin!".
Sonra bayram tonqalı yandırılıb.
Qara zurnanın müşayiətilə Bahar Qız, Kosa və Keçəl faytonda meydana daxil olublar. Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdiriblər, bahar təravətli mahnı və rəqslər ifa olunub.
"Cəngi" sədaları altında daşqaldıranlar, boksçular, karateçilər nümunəvi çıxışlar edib, qurşaq tutub, güclərini sınayıblar. Futbolçu qızlar və oğlanlar məharətlərini göstəriblər.
Tonqal ətrafında kütləvi rəqslərə ifa edilib, populyar müğənnilərin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş şeirlər və mahnılar səslənib.
Kosa və Keçəl tamaşaçılarla yumurta döyüşdürüb sovqatlar alıb, hamıya xoş ovqat bəxş ediblər. Gənclər "ağırlığım-uğurluğum tökülsün" -deyə meydan qəhrəmanları ilə birlikdə tonqalın üstündən atılıblar.
Lənkəranda saatlarla davam edən Novruz şənliyi hamıya unudulmaz təsir bağışlayıb.
Sərraf Mirsəfəroğlu








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB