Novruz Bayramına görə Səbail rayonunda imkansız ailələrə yardım edilib

Novruz Bayramına görə Səbail rayonunda imkansız ailələrə yardım edilib

Novruz Bayramına həsr olunan tədbirlər çərçivəsində Səbail rayonunda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılıb. SİA-nın xəbərinə görə, bu qəbildən olan ailələrin bayrama tədarük işlərində Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilərin könüllü ianələri hesabına əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunub.

Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və "Sodrucestvo" cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak edən idarə və təşkilatların, iş adamlarının, xeyriyyəçilərin nümayəndələrinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları Novruz Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat aparmış və böyük konsert proqramı təşkil ediblər: "Bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, xeyriyyəçilərin, bələdiyyələrin dəstəyi hesabına alınan ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşan məcburi köçkün ailələri, tənha, kimsəsiz və aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və təşkilatçıların nümayəndələrinin iştirakı ilə növbəti 2 gün ərzində ümumilikdə 5000-dən çox ailəyə təqdim olunacaq".

Yavər Allahverdiyev Novruz ərəfəsində xalqımıza qədimdən xas olan xeyirhaqlıq keyfiyyətlərini rəhbər tutan rayonun iş adamları və xeyriyyəçilərin aztəminatlı ailələrin ehtiyaclarına ənənəvi olaraq yardımçı olduqlarını xüsusi olaraq qeyd edərək bildirib ki, bayram tədbirləri rayonun qəsəbələri, yaşayış sahələri və rayonda yerləşən hərbi hissələrdə də keçiriləcək.

Tədbirdə çıxış edən iş adamları, ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə Mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər və qəsəbələrdəki hərbi hissələrin şəxsi heyəti üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə