Dövlət Baytarlıq Xidməti ilin hesabatını verdi

Dövlət Baytarlıq Xidməti ilin hesabatını verdi

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) "2013-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair" müşavirə keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə respublikanın bütün rayon və şəhər baytarlıq idarələrinin rəisləri, zona baytarlıq laboratoriya və diaqnostik kabinetlərin direktorları iştirak ediblər.

Müşavirədə çıxış edən Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova keçən il baytarlıq xidməti sahəsində həyata keçirilən tədbirlərdən danışıb və qurumun fəaliyyətini konkret faktlarla səciyyələndirib.

Xidmət rəisi Prezident İlham Əliyevin iqtisadiyyatda, eləcə də onun tərkib hissəsi olan aqrar sahədə apardığı məqsədyönlü islahatlardan danışıb və əldə olunan nailiyyətləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. 2013-cü ilin DBX üçün uğurlu keçdiyini qeyd edən S.Rüstəmovanın sözlərinə görə, aparılan tədbirlər sayəsində müstəqil Azərbaycan Respublikasında epizootik sabitlik təmin edilib: "Bu sabitliyin davamlı olunması üçün Dövlət Xidməti ölkədə iti yoluxucu xəstəliklərə qarşı kompleks mübarizə tədbirləri aparmağı özünün şərəfli vəzifəsi bilib və onu uğurla yerinə yetirməyə çalışıb.

Rəis daha sonra vurğulayıb ki, respublikada baytarlıq xidmətinin inkişafına dövlət tərəfindən xüsusi dəstək var: "Cari ildə biz bu dəstəyin bir daha şahidi olacağıq. Belə ki, bu il epizootik sabitliyi təmin etmək məqsədi ilə müəyyən edilmiş xəstəliklərə qarşı vaksinasiya, müayinə tədbirlərinin aparılması və digər mühüm işlərin görülməsi nəzərdə tutulur".

S. rüstəmova onu da əlavə edib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2013-cü ildə Ağsu, Gədəbəy və Oğuz rayon Baytarlıq idarələri ilə diaqnostik kabinetlərin birgə 2 mərtəbəli inzibati binalarının, Şamaxı rayon baytarlıq idarəsinin 1 mərtəbəli inzibati binasının, eləcə də Qax rayonunda 3, Beyləqan rayonunda 2, Zaqatala rayonunda 2 və Oğuz rayonunda 5 ədəd olmaqla cəmi 12 sahə baytarlıq məntəqəsinin tikintisi və avadanlıqlarla təmin edilməsi işləri aparılıb: "Quba, Qax, Sabirabad, Bərdə və Göygöl rayonlarında BSEL-2 səviyyəli laboratoriya tikilib istifadəyə verilib. Digər zona baytarlıq laboratoriyalarında isə bu istiqamətdə işlər davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Prezidentin fərman və sərəncamlarını, eləcə də Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyinin sərəncam və qərarlarını, həmçinin mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq cari ildə də xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək".

Tədbirdə xidmətin rəis müavini E. Şahbazov, sektor müdirləri Kliment Əsədov, Ramiz Salmanov, Eldəniz Zeynalov, mətbuat mərkəzinin rəhbəri Yolçu (Xanvəli) Həsənov və başqaları çıxış edərək 2013-ci ildə əldə edilmiş nailiyyətlərdən, iş zamanı müşahidə edilən çətinliklərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Müşavirədə eyni zamanda rayon və şəhər baytarlıq idarələri rəhbərlərinin hesabatları dinlənilib.

Tədbirin sonunda Dövlət Baytarlıq Xidmətinin rəisi S. Rüstəmova mövcud nöqsanların aradan qaldırılması, baytarlıq tədbirlərinin səmərəliliyinin yüksəldilməsi üçün konkret tapşırıqlar verib, ölkə baytarlarına fəaliyyətlərində uğurlar arzulamış və respublikamızın cari ildə daha böyük nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

İşgüzar fikir mübadiləsi şəraitində keçən müşavirədə problemlərin və çətinliklərin həlli üçün qanunauyğun təkliflər səsləndirilib və suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə