Dənizkənarı Bulvarda Novruza hazırlıq davam edir REPORTAJ

Dənizkənarı Bulvarda Novruza hazırlıq davam edir REPORTAJ

Novruz bayramı münasibətilə Bakı şəhərində böyük bayram şənlikləri təşkil olunacaq. Artıq bulvar ərazisində də Novruz şənliyi üçün son hazırlıq işləri gedir. Bulvar ərazisində Novruz atributları, stendlər, idmançılar üçün meydanlar hazırlanıb.

Şənliyin keçirilməsi üçün Kukla Teatrının arxasındakı meydanda böyük səhnə hazırlanıb. Hazırda bulvarda incəsənət ustaları son məşqlərini edirlər.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov: "Martın 20-də Milli Parkda baş tutacaq tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin xüsusi komissiyası var və onlar artıq məşqlərə başlayıb. Məşqlər əsasən Dənizkənarı Bulvarın Qız Qalası hissəsindən Kukla teatrınadək olan ərazidə keçirilir. Çox böyük və maraqlı bayram proqramı hazırlanıb.

Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə rayon və şəhərləri təmsil edəcək stendlər quraşdırılacaq, hər bir rayona xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun foklor nümunələri nümayiş olunacaq. Bizim idarə də bu tədbirlərin təşkilində öz imkanı, işçiləri və texnikası ilə dəstək olacaq. Dekorasiyaların qurulmasına isə bayrama iki-üç gün qalmış başlanılacaq. Dənizkənarı Milli Park paytaxt Bakı şəhərinin elə bir hissəsidir ki, İdarə təkcə hər hansı bir bayrama görə deyil, ümumiyyətlə il ərzində hər fəsilə, zamana, dövrə uyğun olaraq işlərini qurur. Novruz bayramı ərəfəsində bizim yeganə işimiz yeni gül-çiçəklərin əkilməsi, çəmənliklərin köhnə hissələrinin bərpa olunması və soyuqdan qorunmaq üçün örtülmüş ağacların açılmasıdır. Digər işlər isə bizim gündəlik gördüyümüz işlərdir. Martın 19-da Novruz bayramı ilə əlaqədar Dənizkənarkı Bulvarda böyük tədbir keçiriləcək. Bu dövlət əhəmiyyətli tədbir olaraq hər il təşkil edilir".

Dünya ölkələrinə nisbətən, Azərbaycanda bu bayram daha böyük təntənə ilə keçirilir.

Şəhər sakini Qabil Kazımov: "Hər dəfə bayram gələndə biz sevinirik, ürəyimiz şad olur. Hər il olduğu kimi, Novruz bayramında yenə də evimizdə aş dəmlənəcək. Artıq havalar getdikcə isinməyə doğru gedir və əkin-biçin işlərinə başlanılır".

Şəhər sakini Sahib Əliyev: "Novruz bayramında evdə müxtəlif təamlardan yeməklər bişirilir, şirniyyatlar hazırlanır. Daha sonra küsülülər bir-biri ilə barışırlar. Arzum odur ki, bayram günü heç kim küsülü qalmasın. Eləcə də bu bayramlarda cavanlarımız bir-birini təbrik etməli, öz qohumlarının evlərinə baş çəkməlidirlər".

Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

Ümid edirik ki, bu il də Novruz şənliyi paytaxt sakinlərinin yaddaşında uzun müddət qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə