"255 min başa yaxın iribuynuzlu heyvan şmallenberq virusundan xilas edilib"

"255 min başa yaxın iribuynuzlu heyvan şmallenberq virusundan xilas edilib"

"2013-cü ildə ölkə baytarları daha bir xəstəliyə-bunyavirus ailəsinə məxsus, üç virusun qarışığından yaranan şmallenberq virus xəstəliyinə qarşı mübarizə aparıb. Bu xəstəlik ölkədə ilk dəfə qeydə alınsa da, sözün həqiqi mənasında, baytarlıq mütəxəssisləri 255 min başa yaxın iribuynuzlu heyvanı ölümsaçan xəstəlikdən xilas edib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Sialə Rüstəmova deyib.

Onun sözlərinə görə, xəstəlik ölkənin 42 rayonda qeydə alınıb, 160 baş heyvanda tələfat olub, 213 baş heyvanda isə balasalma müşahidə edilib: "Bu ölüm halları yanaşı gedən, xüsusilə qan-parazitar xəstəliklərin təsirindən baş verib".

Ölkədəki mövcud epizootik vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2013-cü ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə 2 milyon 350 min manat vəsait ayrıldığını qeyd edən xidmət rəisi xatırladıb ki, ayrılan bu vəsait hesabına baytarlıq mütəxəssisləri tərəfindən təfriqi laboratoriya müayinələrinin və simptomatik müalicələrin aparılması, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə ekto və endoparazitlərə qarşı dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsi məqsədi ilə lazımı avadanlıq və vasitələr alınaraq respublikaya gətirilib.

Xidmət rəisi büdcə vəsaiti hesabına alman bioloji preparat və diaqnostikumların saxlanması, daşınması zamanı lazımi temperatur rejiminin gözlənilməsi məqsədilə "Soyuq zəncir sistemi"nin tətbiqindən ötrü avtorefrijerator maşın, soyuducu kamera və digər zəruri vasitələrin alınmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin Ehtiyat Fondundan 1,2 mln. manat vəsait ayrıldığını da xatırlatdı və qeyd edib ki, ayrılan vəsait hesabına maşın və avadanlıqlar alınaraq respublikaya gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə