DBX-nin rəisi: "Bu günə iti yoluxucu xəstəliklərə görə Azərbaycanda epizootik vəziyyət sabitdir"
"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ötən il bəşəriyyəti narahat edən daha bir xəstəliyə-quş qripinə qarşı da mühüm tədbirlər aparıb. Müvafiq qurumlarla birlikdə 6 dəfə monitorinq aparılması mümkün olub". SİA-nın xəbərinə görə, bunu Xidmətin rəisi Sialə Rüstəmova qurumun 2013-cü ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Xidmət rəisinin sözlərinə görə, ölkə ərazisində həm çöl, həm də ev quşlarına görə aparılan bu monitorinqlər zamanı götürülən 7 mindən artıq nümunə (qan və patoloji material) Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib və nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisinə təsadüf edilməyib.
Quduzluqdan danışan xidmət rəisi bildirib ki, düzdür, ötən il ölkədə quduzluğa görə narahatçılığımız olsa da bu xəstəliyi nəzarətdə saxlamaq üçün Dövlət Xidməti epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirib, quduzluq xəstəliyini aşkar etmək üçün 46 nümunədə laboratoriya müayinəsi aparıb. Onlardan 31-i müsbət olub. Şübhəsiz ki, müsbət olan, yəni xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib, xəstəliyin vaxtında qarşısı alınıb".
S. Rüstəmova bir daha xatırlatıb ki, bu günə iti yoluxucu xəstəliklərə görə Azərbaycanda epizootik vəziyyət sabitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB