“Azərbaycan qadını” jurnalının yaz buraxılışı çapdan çıxıb

“Azərbaycan qadını” jurnalının yaz buraxılışı çapdan çıxıb

"Azərbaycan qadını" jurnalının yaz buraxılışı işıq üzü görüb.

Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar, eləcə də parlaq hadisəyə çevrilən mühüm layihələrlə bağlı materiallar təqdim edilir.

Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur. Bu illər ərzində bir çox layihələr, proqramlar həyata keçirən Fond artıq yeni bir layihənin icrasına başlayıb.

Uşaqların təhsil və tərbiyəsinə daim diqqətlə yanaşan Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını təqdim edib. Oxucular bu yeni layihə ilə bağlı daha ətraflı məlumatla jurnalın səhifələrində tanış ola bilərlər.

Mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səfərdə olmuş Monako knyazı II Albert, Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşlərində bu məsələ bir daha müzakirə mövzusuna çevrilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Dünya: uşaqların gözü ilə" sərgisi minlərlə uşağa istedadını və təbiətə olan sevgisini nümayiş etdirməyə imkan verir. Bizə Yer kürəsinin ekoloji durumuna yeni rakursdan baxmaqla yanaşı, həm də dünyanı uşaq kimi canı-dildən sevməyə çağıran bu layihə ilə bağlı geniş material jurnalın səhifələrində oxuculara təqdim edilir.

"Azərbaycan qadını" jurnalının yaz buraxılışında oxucuları Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Paşayevin bu dünyanın həqiqətləri barədə səmimi söhbəti, xalq artistləri Cənnət Səlimova və Şükufə Yusupova ilə maraqlı görüş, gənc rəssam Məryəm Ələkbərlinin əlvan sənət dünyası, Yerlə göy arasında var-gəl eləyən, mələkləri xatırladan gülərüz peşə sahibləri ilə ünsiyyət , o cümlədən müasirimiz Günel İsmayılovanın virtual dünyasına səyahət gözləyir.

Jurnalın səhifələrində, həmçinin "Təbəssümü – Ay işığı...", "Çovqan – Cıdır düzünün yadigarı", "Uçan, uca, incə SƏNƏT...", "Gümüşü tellərin nağılı", "Şahmat – sonsuz imkanlar oyunu" kimi maraqlı materiallar yer alıb.

"Azərbaycan qadını" jurnalının (baş redaktor Fatma Abdullazadə) yaz buraxılışının təqdimatı Xalq Artisti Cənnət Səlimovanın quruluşunda "Don Rafael trambonçu" ("Peppino de Filippo") tragikomediyası ilə baş tutacaqdır. Baş rollarda Şövqi Hüseynov və Gülər Nəbiyeva, rollarda Nofəl Vəliyev, İradə Rəşidova, Aydın Dəmirov, Seyidşah Məmmədov, Eşqin Quliyev çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə