Nazir müavini BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb

Nazir müavini BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb

Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ilə BMT İnkişaf Proqramının rezidentinin müavini Nato Alhazişvili arasında görüş olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT İP ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrdən söz açılıb. 2004-cü ildən etibarən həyata keçirilən bu əməkdaşlıq ölkəmizdə innovasiyanın və məşğulluğun inkişafına öz töhfəsini verib. Xüsusən də birgə icra olunan "Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı" layihəsi çərçivəsində Bakı və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafında, işaxtaranların əmək bazarına inteqrasiyasında önəmli rol oynayıb.

Bu mərkəzlərdə təşkil olunan müvafiq təlimlər nəticəsində işsiz insanlar müasir iş axtarma metodlarına yiyələnərək, yeni metodlardan istifadə etməklə özlərinə münasib iş tapıblar. Mətin Kərimli BMT İP ilə əməkdaşlıqda aparılan işlərin genişləndirilməsinin, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğuluq imkanlarının artırılmasına istiqamətlənən digər yeni layihələrin icra olunmasının da önəmli ola biləcəyini bildirib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə